Neymar Poqbanı "Santos"da istəyib - Poqba dostunu yarıyolda qoydu
Neymar Poqbanı “Santos”a gətirmək üçün hər şeyi edib – ulduz futbolçu yenidən Avropanı seçdi.
90plus.az xəbər verir ki, uzun müddətdir davam edən dopinq cəzasından sonra Poqba bu həftəsonu nəhayət ki, yaşıl meydanlara qayıdıb. Fransalı yarımmüdafiəçi “Monako”nun “Renn” qarşısında 1:4 hesabı ilə uduzduğu görüşdə iki ildən çox fasilədən sonra ilk matçına çıxıb.
ESPN-in məlumatına görə, Poqbanın dönüşü Avropada yox, Braziliyada da baş tuta bilərdi. Çünki Neymar şəxsən onu “Santos”a dəvət edib və yaxın dostunu komandaya qatmaq üçün hər şeyi etməyə çalışıb.
İki ulduz futbolçunun münasibəti uzun illərə dayanır. Bir vaxtlar Poqba Neymara “Yuventus”a keçməyi təklif etmişdi. Neymar isə “Barselona”da oynadığı dövrdə Poqbanın Kataloniyaya transferi üçün səy göstərirdi.
Bu dəfə əks istiqamətdə təşəbbüs göstərən Neymar, Poqbanın “Santos”da yenidən parlayacağına inanırdı. Lakin fransalı ulduz dopinq cəzasından sonra karyerasını yenidən qurmaq üçün Avropada qalmağın daha doğru qərar olduğunu düşünərək seçimini Fransanın xeyrinə edib.
Hazırda “Santos” əsas diqqətini liqada qalmağa yönəldib. Komanda mövsümü uğurla başa vurarsa, 2026-cı ildə böyük transferlərin yolu açıla bilər. Artıq Qabiqolun adı klubla hallanır və Neymarın təsiri güclü olarsa, Poqbanın da adı yenidən gündəmə gələ bilər.
Poqba ilə maraqlanan tək klub “Santos” olmayıb. “Korintians” da fransız yarımmüdafiəçi ilə danışıqlar aparıb. Klubun sabiq prezidenti Auqustu Melo bu təmasları təsdiqləyib və bunun Memfis Depay transferi cəhdi sonrası baş tutduğunu bildirib.
Poqbanın gələcək planları isə hələ də sual altındadır. Onun performansı və fiziki durumu “Monako” ilə birlikdə növbəti addımını müəyyən edəcək.