Noyerin ardıcıl səhvləri “gözə girdi”
“Bayern Münhen”in “Arsenal”a 1:3 hesabı ilə uduzmasından sonra diqqət yenidən Manuel Noyerə yönəlib. 39 yaşlı qapıçı buraxılan qollardan ikisində bədbəxt təsadüfün qurbanı olsa da, bu artıq ardıcıl üçüncü matçdır ki, kapitanın səhvləri gözə çarpır.
90plus.az xəbər verir ki, Noyer bu məqama qədər mövsümü çox yüksək səviyyədə keçirirdi. Elə bu çıxışları sayəsində bir çox ekspert və azarkeşlər onun “Avro-2024”dən sonra yığmadan ayrılmasına baxmayaraq, 2026 Dünya Çempionatı üçün Almaniya millisinə qayıda biləcəyini müzakirə edirdi. İndi isə əsas gündəm kapitanın “Bayern Münhen”dəki gələcəyidir.
“Bild”in məlumatına görə, klub daxilində vəziyyət təəccüblü dərəcədə sakitdir. Qapıçıya qarşı rəsmi ittihamlar yoxdur, lakin çıxışları təbii olaraq ciddi təhlil olunur. “Bayern” həmçinin müqavilə ilə bağlı danışıqlara tələsmir.
Xəbərdə bildirilir ki, danışıqlar mart ayında – Noyerin 40 illik yubileyi ərəfəsində aparılacaq.
İldə 20 milyon avroya yaxın məvacib alan Noyer klubun ən yüksək maaşlı futbolçularından biridir. “Bayern” hazırda ümumi əməkhaqqı büdcəsini azaltmaq üzərində intensiv işlədiyi üçün bir məsələ aydındır: əgər müqavilə uzadılsa, kapitanın maaşında azalma qaçılmaz olacaq.
Eyni zamanda istiqamət də bəllidir: Noyer daha bir mövsüm davam etmək istəsə, klub onu komandada saxlamağa hazırdır. Münhen təmsilçisinin planı Noyerin müqaviləsini yeniləmək, paralel olaraq Yonas Urbigin isə müəyyən oyunlarda şans qazanaraq inkişafını davam etdirməsidir.
Uzunmüddətli perspektivdə Urbigin “Bayern”in 1 nömrəli qapıçısı olacağı gözlənilir.
© Copyright 2025, All Rights Reserved