N'Qolo Kantenin "Fənərbağça”ya transferi alınmadı! Səbəb
N'Qolo Kantenin "Fənərbağça”ya transferi son anda baş tutmadı. Klub bu transferin niyə baş tutmadığını açıqladı.
90plus.az xəbər verir ki, “Fənərbağça” Fransa millisinin yarımmüdafiəçisi N’Qolo Kantenin transferinin baş tutmamasına görə bütün məsuliyyəti “Əl-İttihad” klubunun üzərinə qoyub.
Türkiyə təmsilçisinin rəsmi açıqlamasında bildirilir ki, Kante – Yusif ən-Nəsiri dəyişiklik transferi çərçivəsində klub öz üzərinə düşən bütün öhdəlikləri vaxtında və tam şəkildə yerinə yetirib:
Lakin "Fənərbağça”nın açıqlamasına görə, qarşı tərəf olan “Əl-İttihad” TMS sisteminə məlumatları səhv daxil etdiyi üçün transfer qeydiyyat müddəti başa çatana qədər proses yekunlaşdırıla bilməyib.
Klub bu problemlə bağlı FIFA ilə danışıqlar apardığını və transfer üçün müddətin uzadılmasını istədiyini də vurğulayıb:
“Bütün addımlar atılmasına baxmayaraq, qarşı klub heç bir əsaslandırma vermədən prosedurları tamamlamadı. Nəticədə, transfer prosesi təəssüf ki, yekunlaşmadı”.
Açıqlamada klub azarkeşlərin məyusluğunu başa düşdüyünü və komandanın heyət planlamasını əvvəlki qətiyyətlə davam etdirəcəyini də bildirib.
Qeyd: 34 yaşlı N’Qolo Kante 2023-cü ildə "Çelsi”dən “Əl-İttihad”a keçmişdi. O, İngiltərə klubunda Çempionlar Liqası, Premyer Liqa, Avropa Liqası və FA Kuboku qazanıb, həmçinin “Lester Siti” ilə 2015/16 mövsümündə sensasiyalı Premyer Liqa çempionluğu yaşamışdı.
Bu transferin baş tutmaması fonunda Kərim Benzema artıq “Əl-İttihad”dan ayrılaraq Səudiyyə Ərəbistanı Pro Liqasındakı rəqib "Əl-Hilal”a keçib. Kantenin isə mövsümü “Əl-İttihad”da davam etdirəcəyi bildirilir.
© Copyright 2026, All Rights Reserved