Okan Buruk hakimlikdən şikayətləndi

Okan Buruk: “Məsuliyyət mənimdir, hələ hər şey bitməyib”.
90plus.az xəbər verir ki, “Qalatasaray”ın baş məşqçisi Okan Buruk Çempionlar Liqasının liqa mərhələsinin ilk oyununda “Ayntraxt”a 1:5 hesabı ilə uduzduqları qarşılaşmadan sonra fikirlərini bölüşüb.
Təcrübəli çalışdırıcı məğlubiyyətin məsuliyyətini üzərinə götürüb:
“Bu nəticə mənim məsuliyyətimdədir. İlk hissədə düzgün etdiklərimiz var idi, ikinci hissədə isə çox səhvlərə yol verdik. Onları düzəldəcək olan da mənəm. İlk oyunumuzu oynadıq, amma qarşıda daha 7 görüş var. İlk 24-ə girə biləcəyimizə inanıram”, – deyə Buruk bildirib.
Baş məşqçi həmçinin qarşılaşmanın italiyalı hakimi ilə bağlı narazılığını gizlətməyib:
"Çempionlar Liqasında normalda yaxşı hakimlər olur, amma bu dəfə idarəçilik çox zəif idi. Faulları rəqibin xeyrinə çaldı, bizə isə heç nə vermədi. Oyunun axarını daima kəsdi. Əgər hesabı 2:0 edə bilsəydik, nəticə tam fərqli ola bilərdi. 1:0 öndəykən də iki açıq fürsəti dəyərləndirə bilmədik”.
“Qalatasaray” bu məğlubiyyətlə ardıcıl 13 rəsmi oyunluq qələbə seriyasını itirdi. Sarı-qırmızılılar növbəti turda İstanbulda “Liverpul”u qəbul edəcək.
© Copyright 2025, All Rights Reserved