Oliver Qlasnerin "Mançester Yunayted" xəyalları baş tutmayacaq
Qlasnerin “Kristal Pelas”dan ayrılığı “Mançester Yunayted” yolunu açmır.
90plus.az xəbər verir ki, “Kristal Pelas”ın baş məşqçisi Oliver Qlasnerin mövsümün sonunda klubdan ayrılmaq qərarı onun “Mançester Yunayted”in sükanı arxasına keçmək şanslarını artırmayacaq. The i Paper nəşrinin məlumatına görə, “qırmızı şeytanlar” üçün əsas namizədlər hazırda Roberto De Dzerbi və Tomas Tuheldir.
Avstriyalı mütəxəssis Ruben Amorimin istefasından sonra bəzi “Mançester Yunayted” rəhbərləri tərəfindən uzunmüddətli alternativ kimi nəzərdən keçirilirdi. Qlasner “Kristal Pelas”dakı iki illik fəaliyyəti dövründə müsbət təəssürat yaratsa da, son dövrlərdə bütün turnirlərdə yaşanan doqquz oyunluq qələbəsizlik seriyası onun nüfuzuna mənfi təsir göstərib. Bu seriyaya FA Kubokunda qeyri-peşəkar “Maklsfild”ə qarşı alınan tarixi məğlubiyyət də daxildir.
Qlasner yanvarın 16-da verdiyi açıqlamada mövsümün sonunda “Kristal Pelas”dan ayrılacağını rəsmən təsdiqləyib. Bu qərar gözlənilən idi və mənbələrin bildirdiyinə görə, “Mançester Yunayted”in planlarına ciddi təsir göstərməyib.
Bu arada “Mançester Yunayted” rəhbərliyi namizədləri dəyərləndirməyə davam edir. Komandaya isə yayadək müvəqqəti olaraq Maykl Kerrik rəhbərlik edəcək.
© Copyright 2026, All Rights Reserved