Orduya yazılan sabiq "Çelsi"li: "Futbola marağım öldü"
13 yaşında İngiltərənin "Çelsi" klubu ilə müqavilə bağlayan fransalı qapıçı Nikolas Tye, 24 yaşında futboldan ayrıldığını və orduya qoşulduğunu bildirib.
90plus.az xəbər verir ki, Nikolas bildirib ki, qapıçı əlcəklərini hərbi geyimlə əvəzləmək qərarına peşman olmayıb: "Mən Fransa ordusunun zirehli süvari qüvvələrindən olan 1-ci Paraşüt Hussar Alayında xidmət edirəm. Hərbi sahəyə daim marağım olub və düşündüm ki, niyə hərbi xidmətə başlamayım? Ögey atam Fil Dişi Sahilində paraşütçü idi, mən də tez-tez kazarmalara gedirdim, izləyirdim... Bu məni həvəsləndirirdi. Futbola olan marağım isə zamanla azaldı".
Lill şəhərində dünyaya gələn Nikolas Tye futbol karyerasına "Poitiers" klubunda başlayıb. Onun oyun üslubu bir neçə klubun, o cümlədən "Renn"in də diqqətini çəkib. 13 yaşında "Çelsi" ilə müqavilə imzalayıb və 17 yaşında ilk peşəkar sözləşməsini klubla rəsmiləşdirib. U-13 səviyyəsindən başlayaraq Çempionşipə qədər irəliləyib. 2017/2018 mövsümündə Gənclər Liqasının qalibi olub və "Çelsi"nin əsas komandasında Çempionlar Liqasının iştirakçı siyahısına daxil edilib. Ancaq gələcək karyerası gözlənildiyi kimi davam etməyib. Sərt rəqabət səbəbilə əsas heyətdə çıxış etməyib və 2020-ci ildə “Çelsi”dən ayrılıb. Sonrakı klubu Portuqaliyanın “Gimaraeş” komandası olub. 2023-cü ildə həmin klubdan da ayrılıb.
O, 2020-ci ildə Fil Dişi Sahili millisindən dəvət alıb və 2021-ci ildə Tokio Olimpiadasında 1/4 final mərhələsinə qədər yüksəlib.
© Copyright 2025, All Rights Reserved