“Oyunun Adamı” 55 kq kartof qazandı

Danimarka təmsilçisi "Sönneryusk"un “Oyunun Adamı”ı Maksim Soulas 55 kq kartof qazandı.
90plus.az xəbər verir ki, Danimarkanın “Sönneryusk” klubunun fransalı müdafiəçisi Maksim Soulas yaxın vaxtlarda kartof qıtlığı problemi ilə üzləşməyəcək. 26 yaşlı futbolçu komandasının “Norşellann” üzərində qazandığı 3:2 hesablı qələbədən sonra “matçın ən yaxşısı” (Man of the Match) seçildi və mükafat olaraq 55 kiloqram kartofla təltif olundu. Bu maraqlı mükafat matçın sponsorları tərəfindən təqdim edilib.
“Sönneryusk” qələbəni 90+4-cü dəqiqədə Məhəmməd Şərifin vurduğu qolla əldə edib. Bu qol cəmi bir neçə dəqiqə əvvəl, 90-cı dəqiqədə gələn bərabərlik topundan sonra komandasına 3 xal qazandırıb.
Soulas oyunun ilk qolunu 10-cu dəqiqədə vurub və matç boyu göstərdiyi inamlı performansla “Man of the Match” adına layiq görülüb. Mükafat isə olduqca qeyri-adidir — dəqiq desək, 55 kiloqramlıq bir əl arabası dolusu kartof.
Bu nəticə “Sönneryusk” üçün mövsümdə ilk qələbə oldu. Komanda ilk turda “Orhus”la 1:1 bərabərə qalmış, daha sonra isə “Midtüllann”a 2:6 uduzmuşdu.
Qələbə sayəsində “Sönneryusk” 4 xalla Danimarka Superliqasında 7-ci pilləyə yüksəlib. Onlar hazırda lider “Kopenhagen”dən 5 xal geridədirlər.
Komandanın növbəti oyunu 8 avqustda səfərdə “Viborg”a qarşı olacaq. Bukmekerlər bu oyunda “Sönneryusk”un qələbəsinə 5/2 əmsal təklif edir.
Qeyd: 55 kiloqram kartofun sayı kartofların ölçüsündən asılı olaraq təxminən 275-550 ədəd arası dəyişir. Yaxşı xəbər odur ki, Soulas kartoflarını düzgün şəraitdə saxlayarsa, onları uzun müddət istifadə edə bilər. Əks halda otaq temperaturunda bu məhsul 1-2 həftə ərzində xarab ola bilər.
Skandinaviya ölkələrində qeyri-adi “Man of the Match” mükafatları verilməsi yeni bir şey deyil. Məsələn, Norveçin “Brüne FK” klubu yaxın vaxtlarda futbolçusu Lasse Qviqstada bu adla 100 yumurta, 40 kisə yulaf və 20 litr süd hədiyyə edib. Görünür, bu oyunçuların ərzaq ehtiyatı bir müddətlik təmin olunur.