top of page

Şahin Diniyev: “Ağıllı oynayaraq nəticə qazandıq”

“İlk növbədə şəhidlərimizin ruhları qarşısında baş əyirik. Bu gün bizim burda rahat oturmağımız onların sayəsindədir. Yaxşı ki, qəhrəman oğullarımız var. Matça gəldikdə, əvvəldən də demişdim ki, bizi çox ciddi sınaq gözləyir. 90 dəqiqə də bunu sübuta yetirdi”. 


90plus.az xəbər verir ki, bu sözləri “Səbail”in baş məşqçisi Şahin Diniyev Misli Premyer Liqasının 7-ci turunda “Araz-Naxçıvan”ı 1:0 hesabı ilə məğlub etdikləri oyundan sonra mətbuat konfransında deyib. 


O, komandasının xarakter nümayiş etdirdiyini bildirib: “Hər iki tərəfindən qol şansları var idi. İkinci qolu vursaydıq, işimiz daha rahat olardı. Futbolçularıma təşəkkür edirəm. Xarakter nümayiş etdirdilər. Ağıllı oynayaraq nəticə qazandıq. Eyforiyaya qapılmamalıyıq. Hələ yolun başlanğıcındayıq. Sabah xal da itirə bilərik”.


O, komandasının bir futbolçudan asılı olmadığını vurğulayıb: “Potensialımız var. Bu gün 3 futbolçumuz zədəli oynayırdı. Tam gücləri ilə çıxış etmədilər, Buna baxmayaraq, xarakter nümayiş etdirdilər, Düşünürə ki, bundan da yaxşı oynaya bilərik. Biz komanda yaradırıq. Bir oyunçudan asılı deyilik. Bu, “Səbail”in maksimumu deyil”. 


Diniyev hazırda qərarlaşdıqları ikinci pilləni qorumağın çox çətin olduğunu qeyd edib: “Ardıcıl qələbələrə baxmayaraq, komandada eyforiya yoxdur. Buna imkan verməyəcəyik. Yuxarı çıxmaq asandır, orda qalmaq isə çətin. Bundan sonra rəqiblər bizi daha ciddi qəbul edəcək. Əvvəl rəqibi daha çox analiz edirdik, indi isə öz oyunumuzu. Bu futbolçularla nəsə etmək olar. Demirəm medallar uğrunda mübarizə aparırıq. Buna heç vaxt söz verməmişəm. Bacardığımız qədər irəlidə olmağa çalışacağıq”. 

Diniyev uğur qazanmaq üçün stabilliyin ciddi önəm daşıdığını bildirib: “Stabil heyət varsa, oyun olacaq, stabil oyun da yaxşı nəticə deməkdir. İlk növbədə bu oyunu qorumalıyıq”. 

Sonda “Səbail”in çalışdırıcısı bu yaxınlarda vəfat edən sabiq futbolçu Şəhriyar Rəhimovu yad edib: “Hər qələbədən sonra Şəhriyarın yanımızda olmaması məni çox məyus edir. Bu komandada onun əziyyəti çoxdur. Bu mövsüm ilk turda “Sumqayıt”a məğlubiyyətdən sonra deyirdi ki, “biz bu qədərmi böyük səhv etmişik”. Mənsə dedim yox, səhv etməmisiz. Təəssüf ki, indi o, bu günləri görmür. Şəhriyarın maykası hər zaman bizim paltardəyişmə otağından asılıdır. Həmişə o, yanımızdadır”.



0 comments

Comments


bottom of page