top of page

10 il 10 gün sonra tarixi rekord

“Neftçi”nin kapitanı Emin Mahmudov karyerasında ilk het-trikə imza atıb.


90plus.az xəbər verir ki, 30 yaşlı yarımmüdafiəçi Azərbaycan Premyer Liqasının 15-ci turunun “Səbail”lə ev oyununda üç qol vuraraq komandasına qələbə qazandırıb (3:1).


Mahmudov bu görüşə qədər rəsmi matçlarda 3 və ya daha çox qol vurmayıb.


O, “Neftçi”nin heyətində Premyer Liqada son 10 mövsümdə bunu bacaran ilk futbolçudur. Paytaxt təmsilçisində bir matçda ən azı üç qol vuran sonuncu oyunçu Nikolas Kanales olub. Hücumçu 2012/2013 mövsümündə “Sumqayıt”la qarşılaşmada (8:1) pokerə imza atıb. 2012-ci il noyabrın 17-də baş tutan görüşdən 10 il 10 gün sonra Emin Mahmudov het-trik etməyi bacarıb.


“Neftçi”nin son het-triki isə 2011/12 mövsümündə qeydə alınıb. 2011-ci il dekabrın 11-də Bahodir Nasimov AZAL-ı üç dəfə məyus edib (7:1).


Emin Mahmudov həm də karyerasının rekorduna imza atıb. Cari çempionatda 9 qol vuran futbolçu 2018/2019 mövsümündəki 8 qolluq şəxsi rekordunu yeniləyib.


Yarımmüdafiəçi Premyer Liqada mövsümün ilk het-trikinə imza atıb. “Qarabağ”ın gənc hücumçusu Musa Qurbanlı bir oyunda daha çox – 4 qol vuraraq poker etsə də, Mahmudova qədər bir görüşdə 3 top vura bilən olmamışdı.


“Səbail”lə görüşdə het-trik edən yarımmüdafiəçi “Neftçi”dəki qol sayını 40-a, Premyer Liqada isə 30-a çatdırıb. O, digər qollarından 8-ni avrokuboklar, 2-ni ölkə kubokunda vurub.


0 comments
bottom of page