Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (İFFHS) 2022-ci ildə bir oyunda ən çox qol vuran futbolçularının siyahısını açıqlayıb.
90plus.az qurumun saytına istinadən xəbər verir ki, bu statistika üzrə ən yaxşı Argentina millisinin və “Mançester Siti”nin hücumçusu Xulian Alvares olub. Bu, Alvaresin hələ “River Pleyt”də oynadığı vaxt qeydə alınıb. Forvard Libertadores kuboku çərçivəsində “Alyansa Lima” ilə oyunda 6 qola imza atıb. O, bu görüşün 15, 18, 41, 54, 57, 83-cü dəqiqələrində fərqlənib. Ötən il, mayın 25-də baş tutan həmin matçda “River Pleyt” 8:1 hesablı qələbəyə sevinib.
Xatırladaq ki, Xulian Alvares ötən yayda “River Pleyt”dən ayrılaraq “Mançester Siti”yə keçib.