top of page

Adil Şükürov iş adamlarının “Kəpəz”ə sahib çıxmasını istəyir


Bu gün Misli Premyer Liqasının 25-ci turunda səfərdə "Sumqayıt"ı 3:1 hesabı ilə məğlub edən "Kəpəz"in baş məşqçisi Adil Şükorov matçdan sonra mətbuat konfransına qoşulub.


- Tam istədiyimiz kimi gözəl, baxımlı futbol olmadı. Nəticə daha önəmli idi. Çalışdıq ki, nəticəyə yönəlik oyun oynayaq. Son dəqiqələrdə müdafiəyəmeyilli və sürətli futbolçuları meydana buraxdıq. Bu da öz bəhrəsini verdi. Bizim üçün vacib olan 3 xal idi, onu da qazandıq.


- Giorgi Papunaşvili əvəzlənərkən narazı görünürdü. Bu, nə ilə bağlı idi?

- İstəyirdik ki, meydanda komandaya fayda verən futbolçular olsun. Papunaşvili çox yorulmuşdu. Mate Kvirkiya da tam istədiyini edə bilmirdi. Papunaşvili əsas oyunçularımızdan biridir və komandanı öz arxasınca aparır. O dayananda komanda da dayanır. Narazılıq yoxdur.


- Artıq demək olar ki, Premyer Liqada qalmağı təmin etmisiniz. Bundan sonrakı hədəfiniz nə olacaq?

- Həmişə deyirik ki, qabağa baxmaq və öndəki rəqiblərə köklənmək lazımdır. Bu gün qələbə qazandıq. Amma tam olaraq futbol oynamadıq. İlk üçlükdə olan rəqibə qarşı sırf müdafiədən oynadıq. Əsas məqsədimiz Premyer Liqada qalmaqdır. Qarşıda oyunlar çoxdur. Çox şeylər dəyişə bilər. Bizim ev oyunları ilə bağlı problemimiz var. Bunu həll etməliyik. Bəzi komandalar bizə öz stadionlarını vermədilər. Buna görə də davamlı olaraq səfərdə oynamalıyıq. Premyer Liqada qalmağı təmin etmək üçün hələ 4-5 oyunda da qalib gəlməliyik. Əsas hədəflərimizdən biri də gəncəli iş adamlarını komandaya cəlb etməkdir. "Kəpəz" Premyer Liqada qalsa, ümid edirik ki, iş adamları da Gəncənin komandasına sahib çıxarlar.


- Tovuzda, yoxsa Bakıda oynamağa üstünlük verəcəksiniz?

- Təbii otda məşq edib Tovuzda süni meydanda oynamaq çətindir. Belə olan halda futbolçuların zədələnmə ehtimalı da artır. Məsafə baxımından Tovuz bizim üçün əlverişlidir. Amma oyun baxımından təbii meydan olsa, daha yaxşıdır. "Neftçi"ni Tovuzda qəbul edəcəyik. Ondan sonrası qeyri-müəyyəndir. Rəhbərliklə danışırıq. Ümid edirik ki, təbii meydan tapılacaq. Bu da yalnız Bakıda var. Belə olduqda da biz əlavə vaxt itiririk. Bütün bunları nəzərə alıb addım atmalıyıq.

- Kaxaber Sxadadzenin "Qəbələ"yə baş məşqçi təyin olunmasının sizə necə təsiri olacaq?

- Biz məşqçinin getməyini heç vaxt istəmərik. Elmar müəllim yaxşı komanda qurmuşdu. Yəqin ki, bəzi nüanslara görə komanda uduzurdu. Sxadadzenin gəlişi bizim üçün narahatlıq deyil. Biz əsas öz nəticələrimizi fikirləşirik (sportal.az)

0 comments

Commentaires


bottom of page