AFFA bu klubları cərimələyib


Bu gün AFFA İntizam Komitəsinin iclası keçirilib. 90plus.az PFL-in saytına istinadən xəbər verir ki, iclasda Azərbaycan kubokunun 1/8 finalında Premyer Liqamızın 14-cü turunda keçirilən oyunlarla bağlı qərarlar qəbul edilib. Azərbaycan Kubokunun 1/8 final mərhələsinin MOİK – “Qəbələ” oyununda oyun öncəsi yanğından mühafizə xidmətinin nümayəndəsi təyin olunan vaxtda iclasda iştirak etmədiyi üçün meydan sahibi klub 400 manat cərimə olunub. MOİK-in nümayəndəsi təyin olunan vaxtda iclasda iştirak etmədiyi üçün klub 800 manat cərimə olunub. MOİK-in futbolçusu Elşən Veysov “kobud oyun”a görə birbaşa qırmızı vərəqə alaraq meydançadan kənarlaşdırıldığı üçün 2 oyun cəzalanıb, klub 1600 manat cərimə olunub. MOİK-in 4 futbolçusu sarı vərəqə ilə cəzalandırıldığı üçün klub 800 manat cərimə olunub. 1/8 final mərhələsinin “Zaqatala” – “Səbail” oyununda meydan sahiblərinin 4 futbolçusu sarı vərəqə ilə cəzalandırıldığı üçün klub 800 manat cərimə olunub. Premyer Liqanın XIV turunun “Qəbələ” – “Neftçi” oyununda meydan sahiblərinin futbolçusu Ruan Renato ikinci sarı vərəqə alaraq meydançadan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb, klub 200 manat cərimə olunub. “Neftçi”nin 4 futbolçusu sarı vərəqə ilə cəzalandırıldığı üçün klub 800 manat cərimə olunub. XIV turun “Sumqayıt” – “Keşlə” oyununun 80-ci dəqiqəsində meydan sahiblərinin azarkeşləri tərəfindən meydançaya kənar əşya atıldığı üçün klub 1600 manat cərimə olunub. XIV turun “Qarabağ” – “Zirə” oyununda “Qarabağ” klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandırıldığı üçün klub 800 manat cərimə olunub.

0 comments