
Xəbər verdiyimiz kimi, AFFA dövlətdən klublara ayrılan 3 milyon manatla bağlı müəyyən qadağalar qoymaq istəyir. Hazırda müzakirə olunan bu qərar qəbul edilsə, klublar onlara dövlət tərəfindən ayrılan 3 milyon manatı legioner futbolçulara xərcləyə bilməyəcək. Bu isə həmin məbləği alan klubların narazılığına səbəb olub.
AFFA-nın baş katibi Sərxan Hacıyev Qol.az-a verdiyi müsahibəsində bu məsələ ilə bağlı sualı da cavablandırıb. O, klublarla növbəti dəfə müzakirə aparıldıqdan sonra yekun qərarın veriləcəyini bildirib:
“Bu məsələ müzakirə mövzusudur. AFFA-nın İcraiyyə Komitəsinin mart ayında keçirilən iclasında müzakirə olunub. Daha sonra klublara bununla bağlı məlumat verilib. Lakin klublara belə bir məsələnin gündəmdə olduğu, ehtimal olunduğu bildirilib. Yəni qərar kimi deyilməyib. Məlum olduğu kimi, Klublar Komitəsi bu məsələ ilə bağlı bəyanat yayıb. Yaxın günlərdə Klublar Komitəsinin iclası olacaq və orada bu məsələ bir daha gündəmə gətiriləcək, müzakirə olunacaq. Klublarla bilikdə yenidən fikir mübadiləsi aparılacaq. Bundan sonra yekun qərar veriləcək”.