AFFA növbəti dəfə Operativ Qərargaha müraciət etdi

AFFA futzal üzrə Azərbaycan millisinin Avropa çempionatının seçmə mərhələsinin martda keçiriləcək oyunlarına hazırlaşa bilməsi üçün növbəti dəfə Nazirlər Kabineti yanında Operativ Qərargaha müraciət edib.

90plus.az xəbər verir ki, bu barədə “Report”a açıqlamasında Azərbaycan Futzal Federasiyasının Mətbuat katibi Mahal Məmmədov məlumat verib.


O bildirib ki, ölkədə tətbiq olunan karantin rejimi ilə əlaqədar idman zalları bağlı olduğundan yığmanın məşqləri üçün yenidən xüsusi icazə alınmalıdır: "Əvvəlki icazə sırf Slovakiya və Yunanıstanla oyunlarla bağlı idi. Artıq Operativ Qərargaha məktub ünvanlanıb. Ümid edirik ki, fevralın ikinci yarısından sonra təlim-məşq toplanışına başlaya biləcəyik".

Qeyd edək ki, Azərbaycan millisi III qrupdakı ilk 2 oyunda evdə Slovakiyanı 4:1, səfərdə isə Yunanıstanı 3:0 hesabı ilə məğlub edib. Yığma növbəti matçlarını martın 4-də və 9-da Moldova seçməsinə qarşı keçirəcək. İlk görüş Bakıda, ikinci qarşılaşma Kişinyovda olacaq.

0 comments