AFFA veteran futbolçunun əməliyyat xərclərini öz üzərinə götürüb

AFFA "Neftçi" klubunun sabiq futbolçusu və Məşqçilər Komitəsinin üzvü Şakir Qəribovun əməliyyat xərclərini öz üzərinə götürüb.

90plus.az xəbər verir ki, bu barədə milli assosiasiyanın vitse-prezindenti və Məşqçilər Komitəsinin sədri Vaqif Sadıqov məlumat verib.


Onun sözlərinə görə, Azərbaycanda daha əvvəl heç vaxt belə bir əməliyyat olunmadığı üçün Türkiyədən xüsusi professor dəvət edilib: "Çox ağır əməliyyatdır. AFFA bütün xərcləri öz üzərinə götürüb. Bununla belə, klublar, bütün futbol ailəsi olaraq, Şakir Qəribovu tək qoymamalıyıq".


Sədr əməliyyatın dəqiq vaxtını da açıqlayıb: "Şakir müəllim artıq bütün müayinələrdən keçib, əməliyyat oktyabrın 23-də olacaq. Təəssüf ki, belə bir duruma düşüb. AFFA rəhbərliyi əlindən gələni edir. İnanıram ki, klublar da bu işdə öz dəstəyini əsirgəməyəcək".


Qeyd edək ki, Şakir Qəribov futbolçu karyerası ərzində "Neftçi"də 1975 - 1984 və 1987 - 1988-ci illərdə forma geyinib. O, Azərbaycanın 21 yaşadək futbolçulardan ibarət yığmasının baş məşqçisi, "Neftçi" və AZAL komandalarının məşqçisi vəzifəsində çalışıb.

0 comments