"Alınmadı, nə edə bilərik?"


"Alınmadı, nə edə bilərik"? 90plus.az xəbər verir ki, bunu "Neftçi"nin baş məşqçisi Samir Abasov "Zirə"yə penaltilər seriyası ilə uduzduqları Azərbaycan Kubokunun yarımfinal mərhələsinin cavab görüşündən sonra CBC Sport-a açıqlamasında deyib. 44 yaşlı mütəxəssis rəqibi finala yüksəlmələri münasibətilə təbrik edib: "İlk oyunla müqayisədə daha fəal və istəkli tərəf idik. İkinci hissəni və əlavə vaxtı rəqib meydanında keçirdik. Lakin "Zirə" yaxşı qapanmışdı. Çoxlu qol imkanımız olmasa da, təzyiqimizi qola çevirə bilməməyimizə üzülürəm. Özümüz üçün nə qədər üzücü olsa da, futbolçuları qınamalı bir məqam yoxdur". Abasov mövsümü titulsuz başa vurmalarına da münasibət bildirib: "Yarımfinalda cütün taleyi penaltilər seriyasına çatdı. Qol vuraraq udmaq və istənilən nəticəni əldə etmək də çətindir. Amma bu gün futbolçularımdan həddindən artıq razıyam". Onun sözlərinə görə, komandası ən yaxşı oyunlarından birini keçirib: "Ən yaxşı penalti vuranımız belə, hədəfdən yayına bilərdi. Bu, üzərində durulası məqam deyil. Komandamı təbrik etdim. Həddindən artıq istəkli idilər. Gələcəyə baxırıq. Daha da yaxşı olacağıq. Çox maraqlı bir şey var: pis oynadığımız görüşlərdə qalib gəlmişik. Burada isə yaxşı oynayıb uduzduq. Tiaqo bezerra qol əlinə düşən imkanları dəyərləndirsəydi, bəlkə də sevinən tərəf biz olacaqdıq". Abasov "Neftçi"nin 85 illik yubileyində titulsuz qalmasına da toxunub: "Bunu istəməzdik. Həyat davam edir. Futbolda belə hallar da olur".

0 comments