
"Yuventus"un baş məşqçisi Massimiliano Alleqri maliyyə fırıldağı səbəbindən klubun İtaliya A seriyasında 15 xalının silinməsinə münasibət bildirib.
90plus.az "Sky Sport Italia"ya istinadən xəbər verir ki, o, hələlik ancaq "Atalanta" ilə sabah keçiriləcək matç haqda düşündüklərini deyib:
15 xal itirəndən sonra bizdə heç nə dəyişmir. Hər halda, xal qazanmalıyıq. Sabah çətin olacaq. Çünki "Atalanta" yaxşı formadadır. Bizə 7-ci yerə yüksəlməyə imkan verəcək qələbə lazımdır".
O, baş verənlərin gözlənlməz olduğunu qeyd edib: "Məhkəmə prosesi klubun işidir. Artıq elan olunduğu kimi apellyasiya şikayəti olacaq. Oyun haqda düşünürük. 22 xalımız var, 25 xal toplamaq üçün qalib gəlməliyik ki, bu da daha yüksəklərə qalxmağa imkan verəcək.
Biz öz üzərimizə düşəni etməyə davam etməliyik. Çünki iki aydan sonra yekun qərar elan olunanda biz etməli olduğumuz işi görmədiyimizə görə peşman olmamalıyıq. Bir ay əvvəl prezident və direktorlar şurası istefa verəndə də biz eyni mövqedə idik. Bu, gözlənilməz hadisədir. Lakin biz sakitliyi qoruyub, qalib gəlmək arzusunu və əzmini nümayiş etdirməliyik. Bundan sonra nə olacaq, sonra düşünəcəyik, amma hələlik 7-ci yerə qalxmağa çalışacağıq".
Qeyd edək ki, Turin təmsilçisi hazırda 22 xalla 10-cu pillədə qərarlaşıb.