Anatoli Nuriyevdən Azərbaycan açıqlaması - Gələcəkmi?

"Hələlik şərh ediləcək xüsusu bir şey yoxdur. Özümü beynəlxalq səviyyədə sınamaq istəyirəm. İlk dəfə Azərbaycan yığmasında oynamaq imkanım ola biləcəyi ilə bağlı söhbətlər bir il əvvəl başladı. Axı, ata tərəfində Azərbaycan köklərim var".

90plus.az xəbər verir ki, bu sözləri Ukraynanın "Minay" klubunun kapitanı Anatoli Nuriyev Azərbaycan yığmasına dəvət alması barədə danışarkən deyib.

Ukrayna mətbuatına danışan 24 yaşlı hücumçu daha sonra bildirib: "Həmişə Ukrayna millisinə çağırılmaq arzusunda idim, amma burada çox yüksək rəqabət var, hətta ölkənin əsas komandasında nəinki debüt, oraya çağırılmaq belə gözlənilməzdir".

A.Nuriyev Azərbaycan yığması ilə bağlı hələlik təfərrüatları açıqlamaq istəmədiyini də söyləyib: "Bu işlə AFFA məşğul olur. Ona görə də detalları açmaq istəmirəm. Mənim işim "Minay" üçün oynamaq və peşəkarlığımı göstərməkdir. Düşünürəm ki, məsələ yazda - DÇ-2022-nin seçmə mərhələsi başlayanda dəqiqləşəcək. Çünki təqvimə görə, Azərbaycan martın 24-də səfərdə Portuqaliya, 30-da isə evdə Serbiya ilə qarşılaşacaq".

Qeyd edək ki, A Nuriyev Ukrayna Premyer Liqasında bu mövsümün ilk hissəsində 5 qol vurub. Xatırladaq ki, AFFA Ukrayna Premyer Liqa təmsilçisi “Minay” klubunun üzvləri Anatoli Nuriyev və Rüstəm Əhmədzadənin milliləşdirilməsi məqsədi ilə danışıqlara başlayıb.

0 comments