“İlk növbədə şəhidlərimizə Allahdan rəhmət, yaxınlarına səbr diləyirəm. Bütöv Azərbaycan gözəldir. Oyuna gəldikdə, bu gün yaxşı oynadıq. Nəticə qazana bilməsək də, heyifsilənməməliyik”.
90plus.az xəbər verir ki, bu sözləri “Araz-Naxçıvan”ın baş məşqçisi Azər Bağırov Misli Premyer Liqasının 7-ci turunda “Səbail”ə 0:1 hesabı ilə uduzduqları oyundan sonra deyib.
O, futbolçularının yanında olduğunu söyləyib: “Vəziyyəti təhlil edib, gələcəyə baxmalıyıq. Uduzsaq da, futbolçularımın yanındayam. Qol epizodları yaratsaq da, dəyərləndirə bilmədik”.
A.Bağırov komandasından narazı qalmadığını bildirib: “Bu gün həm müdafiədən topla çıxışımız, həm irəlidə oyunumuz pis alınmırdı. Düzdür, bəzən tələsirdik. Bu da oyunçuların təcrübəsizliyindəndir. 5 yerli futbolçu ilə oyuna başladıq. Onların çoxu uzun müddət Premyer Liqadan kənarda qalıblar. İnadkarlıqla mübarizə aparırlar. 90 faiz dediklərimi edirlər. Daha da artıracaqlar”.
