top of page

"Araz-Naxçıvan"ın baş məşqçisi: "Lazımi qolu lazımi vaxtda vurduq"

"Oyun gərgin başladı. Bəlkə məğlub da ola bilərdik. Futbolçularımız daha tez ayıldılar. Lazımi qolu lazımi vaxtda vurduq. Şükürlər olsun ki, 3 xal qazandıq".


90plus.az xəbər verir ki, bu sözləri "Araz-Naxçıvan"ın baş məşqçisi Azər Bağırov Misli Premyer Liqasının 10-cu turunda səfərdə "Qəbələ"ni 4:1 hesabı ilə məğlub etdikləri oyundan sonra mətbuat konfransında deyib.


- Hesabın belə olacağını gözləmirdiniz?

- Sığortalı iş görməyi xoşlayıram. Açıq futbol alındı. Bu gün biz daha dəqiq olduq. Biz qol vurandan sonra rəqib irəli atıldı. Bundan sonra istədiyimiz futbolu göstərə bildik.

- Bəyənmədiyiniz məqamlar oldu?

- Əlbəttə. İlk 20 dəqiqədə müdafiədə zəif oynadıq. Bunu aradan qaldırmaq lazımdır.

- Hazırkı heyet avrokuboklar üçün yetərlidir?

- Bu haqda hələ ki, fikirləşmirik. Daha yaxşı "Araz-Naxçıvan" görmək istəyirik. Qışda nələrisə düşünəcəyik. Hələ qarşıda 8 oyunumuz var.

- Tez-tez rotasiyalar etməyinizin səbəbi nədir?

- Rəqibə görə bunları edirik. Futbolçu meydanda olmalıdır. Bizim heyətlə rotasiya qaçılmazdır.

- Hər qələbədən sonra avrokuboklar haqda düşünməyə başlayırsız?

- Yox. Mənim hazırda elə bir iştahım yoxdur. Vaxtımı komandanı oyundan-oyuna hazırlamağa sərf edirəm.

- Artıq Azərbaycanda ən yaxşı gənc məşqçilərdən hesab olunursuz. Bu cür uğuru gözləyirdiniz?

- Hələ heç nə etməmişik. Mən Premyer Liqada çalışmaq üçün U-11-dən yuxarı qalxmışam. Burada debüt etmək üçün çox gözləmişəm.

- Adınız milli komandaya namizəd göstərilir. Buna münasibətiniz necədir?

- Hər əsgərin fikri general olmaqdır. Əlbəttə ki, bizim də düşüncəmiz yuxarılarda işləməkdir. Bir məşqçi kimi mənim də hədəflərim var. Zamanı gələndə niyə də olmasın? Bu, zamana bağlı məsələdir.

- Azər Bağırova millidə işləmək üçün nə qədər vaxt lazımdır?

- Bunu funksionerlər yaxşı bilər. Hər zaman milli komandalarda çalışmaq istəmişəm. Hər hansı səbəbdən alınmayıb. Biz balaca adamlarıq. İşimiz komandanı oyunlara hazırlamaqdır.

- Bu gün millidən təklif gəlsə, qəbul edərsiz?

- Millidən təklif gəlsə, kim qəbul etməz ki? Amma bu barədə hələ heç düşünməmişəm.

- Bu yükün altına girməkdən çəkinirsiz?

- "Araz-Naxçıvan"ı götürəndə yüküm daha çətin idi. Artıq Azərbaycan futbolunda olmayan bir çox oyunçuları Premyer Liqaya gətirmişik. Əlbəttə ki, onların əziyyəti də var. Vadim Abdullayevi Rusiyadan tutub gətirmişəm. İdmanda daim təzyiqlərə hazır olmalısan. Mən özüm də həmişə buna hazır olmuşam. Amma sınmadım.

- Növbəti turda "Qarabağ"la qarşılaşacaqsız. Rəqibin Avropa Liqasında oynamasından istifadə edib xal almaq olar?

- "Qarabağ"ın heyəti çox yaxşıdır. Oyunçuların keyfiyyəti Azərbaycan futbolundan üstündür. Çətin oyun olacaq. Mübarizə aparmalıyıq.



0 comments
bottom of page