top of page

“Ardıcıl 10-cu dəfə avrokubokların qrupuna düşməyi bacardıq”

“Futbolçularımı, bütün futbol azarkeşlərini təbrik edirəm. Çünki bunu çox istəyirdilər”.


90plus.az xəbər verir ki, bu sözləri “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Avropa Liqasının pley-off mərhələsində Sloveniya “Olimpiya”sı ilə Bakıdakı cavab matçından (1:1, ilk oyun - 2:0) sonra “İdman TV”yə açıqlamasında deyib. 


Rəqibini üstələyərək Avropa Liqasının qrup mərhələsinə vəsiqə qazanan komandanın çalışdırıcısı çox sevincli olduğunu bildirib: “Şükürlər olsun ki, ardıcıl 10-cu dəfə avrokubokların qrupuna düşməyi bacardıq. Bu, çox vacib idi. Gözləntilər çox idi. Problemlərimiz oldu, amma ayaq üstə dura bildik. Bütün matçlar gərgin keçdi. Əlbəttə ki, sevincliyəm. Məncə, hələ bir neçə gün istirahət etmək lazım olacaq. Sonra futbolçularımı ürəkdən təbrik edəcəyəm”.


Q.Qurbanov rəqibin oyunu haqda da danışıb: “Futbolçularımda stress var idi. Bu qədər azarkeş qarşısında oynadıqları üçün həyəcanlı idilər ki, birdən oyunu itirə bilərik. Ağıllı hücumlar edirdilər. Tam açıq oynadılar. Bizim üçün çətinliklər yaratdılar. Bəlkə də “Olimpiya” qrup mərhələsinə düşməyi haqq edirdi”.

Mütəxəssis bu uğuru komanda şəklində qazandıqlarını qeyd edib: “İndiyədək bu qədər müdafiəyə diqqət ayırmamışdıq. Bütün komanda olaraq bunu bacardıq. Rəqib fərqli-fərqli hücumlar edirdi. Bir nəfər hamı, hamı bir nəfər üçün”.


O, sonda bildirib ki, yeni futbolçu transfer etmək üçün danışıqlar aparırlar: “Düzü axtarışdayıq. Çox istəyirik ki, 1-2 futbolçu transfer edək. Danışıqlar gedir. Bilmirəm ki, alınacaq, ya alınmayacaq. Son günə kimi çalışacağıq”.

0 comments
bottom of page