"Avrokuboklara vəsiqəyə görə gərginlik var idi"


“Çoxlu emosiyalar var. Çalışıram ki, obyektiv qiymət verim. Ola bilər ki, nəticəyə görə bir az təzyiq var. Komandaya irad bildirə bilmərəm. 9 nəfərlə qaldığımız vaxtda belə hücuma çıxdıq və hesabı bərabərləşdirdik. Bu gün lazımsız səhvlər buraxdıq. Komandada kimisə günahlandırmaq çətindir”. 90plus.az xəbər verir ki, bu sözləri “Sabah”ın baş məşqçisi Murad Musayev Azərbaycan Premyer Liqasının 27-ci turunda “Sumqayıt”la 2:2 hesablı heç-heçı etdikləri görüşdən sonra keçirilən mətbuat konfransında deyib. O, əvvəlcə oyun haqqında fikirlərini bölüşüb: “Udduğumuz, heç-heçə oynadığımız oyundan sonra da mənə neqativ suallar verir. Komandada müsbət irəliləyiş görə bilmirsiniz? Razıyam, rəqib ilk hissə kompakt oynadı. Xüsusilə, mərkəzdə boşluqlar tapmaq çətin idi. Daha çox cinahlardan asmalar edirdik. Mənim üçün çox qəribədir ki, yayda saat 5-də oynayırıq. Nə üçün daha rahat bir vaxtda oynamırıq? Bəhanə gətirmirəm”. Musayev futbolçusu Amin Seydiyevin birbaşa qırmızı vərəqə aldığı epizodu belə şərh edib: "Qırmızı"lıq epizod yox idi. Yenə də Amin ehtiyatlı oynamalı idi. Qol olsa belə, sərt oyundan qaçmalı idi”. Mütəxəssis avrokuboklara vəsiqə qazana bilmədiklərinə görə komandasında psixoloji gərginlik olduğunu deyib: “Əlbəttə, avrokuboklara vəsiqəyə görə gərginlik var idi. Tək psixoloji məsələ deyildi. Taktiki cəhətdən də səhvlər var idi. Çox istəyirdik ki, qələbə qazanaq. Hər şeyin Qəbələdə həll olunmasını istəyirdik. Uşaqlar indi paltardəyişmə otağında ağlayır. Heç kimi günahlandırmaq istəmirəm”. M.Musayev son zamanlar mətbuat konfranslarında jurnalistlərin suallarına aqressiv cavab verməsinin səbəbini bu cür izah edib: “Baxın, biz "Qarabağ"la yaxşı oynayırıq, sonra Elvin Camalovu pis futbolçu adlandırırlar. "Neftçi" ilə matçda böyük üstünlüklə oynayırıq, yenə sual verilir ki, Xaybulayev çox pis oynayır. Hər zaman ilk sual neqativ olur. Sizin işinizə hörmət edirəm. Peşənizin bir hissəsi sual verməkdir. Mən suallara cavab verməyə hazıram”.

0 comments