Avropa çempionatı: Yunan-Roma güləşçilərimizin rəqibləri bilinib!


Macarıstanın paytaxtı Budapeştdə keçirilən Avropa çempionatında yunan-Roma güləşi üzrə püşkatma mərasimi keçirilib.


90plus.az xəbər verir ki, tədbirdə Azərbaycan təmsilçilərinin də ilk rəqibləri müəyyənləşib.

Mübarizəyə 1/4 finaldan start verəcək Eldəniz Əzizlinin (55 kq) rəqibi Denis Mihay (Rumıniya) - Sebastyan Kolompar (Serbiya) görüşünün qalibi olacaq. Murad Məmmədov (60 kq) ilk görüşdə Daniel Bobilyo (İspaniya) ilə qarşılaşacaq.

Taleh Məmmədov (63 kq) 1/4 finalda Ahmet Uyar (Türkiyə) - Kriştian Keçkemeti (Macarıstan) cütünün güclüsü ilə üz-üzə gələcək. Həsrət Cəfərov (67 kq) 1/8 finalda Vitalis Lazovskini (Almaniya), Ülvü Qənizadə (72 kq) Samuel Belşeidi (Almaniya), sınağa çəkəcək. Bu raundda Sənan Süleymanov (77 kq) İlye Koyokari (Rumıniya), Rafiq Hüseynov (82 kq) Petr Novak (Çexiya), İslam Abbasov (87 kq) Matey Mandiç (Xorvatiya), Murat Lokyayev (97 kq) Arvi Savolaynenlə (Finlandiya) qarşılaşacaq.

Beka Kandelaki (130 kq) isə təsnifat mərhələsində Mixaylo Vişnivetskiylə (Ukrayna) münasibətlərinə aydınlıq gətirəcək.

Qeyd edək ki, aprelin 1-də 55, 63, 77, 87 və 130 kq-da çıxış edən güləşçilər xalça üzərinə çıxacaq. Bir gün sonra isə digər 5 çəkidəki pəhləvanlar mübarizəyə qoşulacaq. Qitə birinciliyinə aprelin 3-də yekun vurulacaq.

0 comments