top of page

”Axirətdə onların sorğu-sualı ağır olacaq” - Rəşad Sadıqov


Azərbaycan Premyer Liqasının 32-ci turunda son oyundan - “Zirə - Araz-Naxçıvan" (0-1) qarşılaşmasından sonra baş məşqçilər mətbuat konfransına qatılıblar.


90plus.az hər iki mütəxəssisin fikirlərini təqdim edir:


Rəşad Sadıqov (“Zirə”):

“Futbolçularıma təşəkkürümü bildirirəm. Qələbə qazanmaq üçün 90 dəqiqə əlimizdən gələni etdik. Fürsətlərdən yararlana bilmədik. Rəqibin 90-cı dəqiqədə qapımıza ilk ciddi zərbəsi qolla nəticələndi. Mövsüm ərzində belə oyunlar olur. Bu da onlardan biri idi. Ərazi üstünlüyümüzü daha çox qol epizodları yaratmağa çevirə bilmirdik. Belə olan halda məğlubiyyət qaçılmaz olur. Amma ən azı oyun heç-heçə bitməli idi. Təəssüf ki, son dəqiqələrdə standart vəziyyətdən gözlənilməz qol buraxdıq. Ruhdan düşməməli, oyunumuzu davam etdirməliyik”.


“Korner olanda ürəyimə damdı ki, qol olacaq. Hər komanda mövsüm ərzində 4-5 belə oyun keçirir.

Elmar Baxşıyevi qələbə münasibətilə təbrik edirəm. Açığı Elmar Baxşıyevin müdafiəyəmeyilli futbol oynatdığını ilk dəfədir görürdüm. Onun həmişə hücum futboluna alışmışıq. Müdafiəni yara bilmədik”.


“Hakimliklə bağlı köhnədən qalma bağlantılar var. Bəzi klubların hakimlərlə münasibəti... Əminəm ki, bu, yaxın gələcəkdə aradan qalxacaq. Amma hələ ki,  davam edir. O bağlantılar aradan qalxmayana qədər çempionatda hər şey ola bilər. Bu gün ən azı 7-8 xal fərqlə 2-ci yerdə olmalı idik. Verilən, verilməyən penaltilər, ofsayd və s. Bu tip epizodlar çox olub. Təəssüf ki, mövsümün sonunda heç kim bunları yada salmayacaq. Bəzi qərarlar çəkilən əziyyətləri yerə vurur. Mənim 30 illik futbol təcrübəm var. İnşallah bəzi klubların hakimlərlə bağlantıları yaxın gələcəkdə aradan qalxacaq. Əminəm ki, gələn mövsümə qalmayacaq. Əvvəldən belə şeylərə göz yumulub. Müəyyən insanlar münasibətlərindən istifadə edirlər”.


Qeydə alınmayan ofsayd epizodu barədə:

Görməmişəm. Baxmadığım epizod haqda danışmağı düzgün hesab etmirəm. Amma tək bu deyil ki, o qədər epizodlar var. İnanıram ki, Azərbaycan futbolu qərəzli səhvlərdən qurtulacaq. Yeni AFFA rəhbərliyinə inanıram. Hakim səhvləri qaçılmazdır. Amma əminəm ki, bu tip səhvlər aradan qalxacaq. Hakimlik yer üzərində ən məsuliyyətli işdir. Axirətdə onların sorğu-sualı ağır olacaq. Komandalar ilboyu əziyyət çəkir. Amma hakimlərin soyuqqanlı halda verdiyi qərarlar çempionatın birbaşa gedişatına təsir edir”.


Elmar Baxşıyev (“Araz Naxçıvan”):


“Araz-Naxçıvan"da ilk qələbəmizdir. Amma daha çox komandamın meydançadakı intizamının olması məni sevindirir. Futbolçular bu gün əzmkarlıq göstərdilər. Bərabər səviyyəli oyun gördük. Komandamı təbrik edirəm. Qarşıdakı dörd matça hazırlaşacağıq.


“Qəbələ"nin Premyer Liqadan düşməsi barədə:


“Mənim də payım var. Amma klub kompleks işi tələb edir. Səbəblər çoxdur. Mən də səbəblərdən burada danışsam, söhbət uzanacaq. Özümü Kaxaber Tsxadadze ilə müqayisə etmək istəmirəm. Üzərimə düşənin ən yaxşısını kluba verməyə çalışırdım. Təbii ki, "Qəbələ" Azərbaycan futbolu üçün dəyərli, böyük klubdur. Heç kim istəməz ki, Premyer Liqadan getsinlər. Mən də istəyərəm yüksək liqada qalsınlar, inkişaf etsinlər”.


Hakim qərarları haqda:

“Qərəz yox idi, emosiya idi. Hakim bu oyunu normal idarə etdi. Oyunun nəticəsinə təsir edən səhvlər etmədi. Mənim fikrim başqadır, oyunu idarə edən hakimdir. O da öz işinin peşəkarıdır, qərarına hörmətlə yanaşmaq lazımdır”.




0 comments
bottom of page