Aydın Məmmədov: "MDB Oyunlarındakı nəticə mənim üçün qənaətbəxş deyil"


"I MDB Oyunları ötən il keçirilməli idi. Lakin pandemiya səbəbindən yarış bu ilə təxirə salındı. Biz hazırlıq işlərimizi tam görmüşdük. Komandalarımıza təlim-məşq toplanışı üçün şərait yaradılmışdı ki, Oyunlara mükəmməl şəkildə qatılaq və müvafiq yerlər tutaq". 90plus.az "Report"a istinadən xəbər verir ki, bu sözləri Rusiyanın Kazan şəhərində keçirilmiş I MDB Oyunlarından qayıdan Azərbaycan şef-demissionunun müavini Aydın Məmmədov Heydər Əliyev Beynəlxalq Aeroportundakı qarşılanma mərasimi zamanı deyib. O, yarışda qazanılan nəticələri qənaətbəxş hesab etmədiyini bildirib: "Azərbaycan komandası Oyunlara 200 nəfərlik böyük heyətlə qatılmışdı. Bu mənada, idmançılardan daha yüksək nəticə gözləyirdik". Məmmədov daha çox güləşçilərin çıxışından razı qaldığını vurğulayıb: "Açığı, badmintonçulardan da bu cür uğur gözləmirdik. Çünki Rusiyanın bu idman növü üzrə komandası Avropa və dünya səviyyəsində güclü kollektivdir. Karatedən daha çox medal gözləyirdik. Cüdoçularımız sağ olsunlar. Birinci növbədə isə güləşçilərimizə minnətdarlığımı bildirirəm. Mübarizəyə başladıqları ilk gündən bizə qızıl medal sevinci bəxş etdilər. Ondan sonra gələn idmançılar da bacardıqlarını etdilər. Hər birinə minnətdaram. Federasiyaların rəhbərliyinə təşəkkürümü bildirirəm. Hamı ölkəmizi layiqincə təmsil etdi". Şef-demissionun müavini Kazanda 16 idman növünün 14-də təmsil olunduqlarını xatırladıb: "Demək olar ki, hər idman növündə qızıl medal götürdük. Ümumilikdə 15 qızıl medal qazandıq ki, bunun özü də böyük nailiyyətdir". Məmmədov II MDB Oyunlarının Bakının ev sahibliyi edə biləcəyini söyləyib: "MDB Oyunlarının daha da geniş vüsət alması üçün növbəti yarışın Azərbaycanda təşkili planlaşdırılır. Yarışın əsasnaməsinə əsasən, növbəti Oyunların keçirilməsi rus əlifbasının sırasına uyğun ölkələrin payına düşür. Azərbaycan paytaxtı 2023-cü ildə MDB Oyunlarına ev sahibliyi etməlidir". O, sonda yarışı işıqlandırmaq üçün Kazana yollanan jurnalistlərə minnətdarlığını bildirib: "Sizi idmançılardan ayırmıram. Hər biriniz mənim üçün əzizsiniz. Çəkdiyiniz əziyyəti halal edin". Qeyd edək ki, I MDB Oyunlarında 60 medal (15 qızıl, 16 gümüş, 29 bürünc) qazanan Azərbaycan 4-cü yeri tutub.

0 comments