
Bu gün Azərbaycan Premyer Liqasının 10-cu turunda "Qarabağ"la 2-2 edən "Turan Tovuz"un baş məşqçisi Ayxan Abbasov oyundan sonra fikirlərini bölüşüb.
90plus.az xəbər verir ki, Ayxan Abbasov oyundan xeyli razı qalıb: "Bizə də Tovuzda axşam oyun keçirmək qismət oldu. Bu gün hər şey möhtəşəm idi. "Qarabağ"ı burada görmək xoşdur. İddialı olmaq istəyiriksə, bu cür komandalarla oyunda çəkinməməliyik. İkinci hissəyə çox yaxşı başladıq. Təmiz qolumuzu saymadılar. Top göydə olanda hakim fiti çalır. Bu gün VAR sistemi var. Mübahisəli epizodu buraxıb sonra VAR-da incələmək lazımdır. 1 xal bizim üçün önəmli idi. Uduza da bilərdik. Futbolçularıma təşəkkür edirəm. Son 5 dəqiqədə irəli atılıb qol vurdular. Biz klub olmaq istəyirik. Bunun üçün də bir çox maneələr var. Onlarda biri də ot örtüyüdür. Artıq yeni yerimiz var. Orada meydançalar salınandan sonra buranı təbii örtüklü edəcəyik"!