top of page

Ayxan Abbasov Runi Evanı əvəzləyərkən əlini sıxmaması haqda danışdı

"Azarkeşlərimizə təşəkkür edirik. Bizi sona qədər dəstəklədilər. Bəlkə də, ən yaxşı oyunumuzu oynadıq. Son matçlarda futbolçularımızdakı əzmkarlığı, inkişafı görürdük. Təəssüf ki, matçı xalsız bitirdik".


90plus.az xəbər verir ki, bu sözləri "Turan Tovuz"un baş məşqçisi Ayxan Abbasov Misli Premyer Liqasının 17-ci turunda bu gün "Neftçİ" ilə keçirilən oyundan sonra mətbuat konfransında deyib.


O, 0:1 hesablı məğlubiyyəti belə şərh edib: "Məncə, xal qazanmaq haqqımız idi. Əzmkarlıqlarına görə, futbolçularıma təşəkkür etdim. Bu oyunu unudub, kubokda “Kəpəz”lə görüşə hazırlaşacağıq. İtkilərimiz, cəzalılarımız var. Bir şey fikirləşib, oyuna tam hazır olmağa çalışacağıq".


Baş məşqçi bildirib ki, futbolçuları daha diqqətli olmalıdır: “Neftçi” təcrübəli komandadır. Dünənki Fransa – Mərakeş görüşündə fransızların rəqibin səhv etməsini necə gözlədiyini gördük. Biz də bilirdik ki, səhvə yol versək, "Neftçi" oyunçuları bundan istifadə etməyə çalışacaq. Bilirik ki, VAR epizodlara dəqiq baxır. Yıxılanda belə, əlini qorumalısan. Təəsssüf, ikinci oyundur belə vəziyyətlə qarşılaşırıq. “Kəpəz”lə matçda da qapımıza penalti təyin edilmişdi. Demək ki, daha diqqətli olmalıyıq. Əsas odur ki, gələn matçlar üçün işıq ucu görünür".


Abbasov Runi Evanı əvəzləyərkən əlini sıxmaması haqda isə deyib: "Buraxılan qolun təsirindəydik. Runinin kiçik zədəsi var. Futbolçu özünü bu oyuna kökləyib, ağrıyaraq meydanda qaldı. Ağrıkəsici ilə ikinci yarıya çıxdı. Bu cür əziyyətlərdən sonra qol vursaydı, özü üçün daha motivasiyalı olardı. Runinin bu cür psixoloji duruma düşməsini istəməzdim. İnanıram ki, bundan sonra belə epizodları qola çevirəcək"



0 comments
bottom of page