top of page

Azər Bağırov: “Yeni yaranmış “Araz-Naxçıvan” avrokuboklarda rəqiblərini çökdürən “Qarabağ”a qarşı oynayırdı”


 "Araz-Naxçıvan"ın baş məşqçisi Azər Bağırov Misli Premyer Liqası, 19-cu turun son oyununda bu gün "Qarabağ"la (1:3) oyundan sonra mətbuat konfransında fikirlərini bölüşüb.



90plus.az xəbər verir ki, o yeni futbolçulardan da razı qaldığını dilə gətirib:


"Bu gün yeni yaranmış “Araz-Naxçıvan”, avrokuboklarda rəqiblərini çökdürən “Qarabağ”a qarşı oynayırdı. Onlarla matçda boşluqlarımız görünməsə, mənim üçün gülünc olardı. “Qarabağ” səviyyəsində olan komanda ilə başabaş oynamaq... Bu komandanın avrokuboklardakı çıxışını nəzərə alıb, yorğunluqlarından istifadə edib futbol oynamaq olar. “Qarabağ” 20 ildən artıqdır ki, Azərbaycan futbolunda dominantlıq edir. 15 günə yaranmış komanda “Qarabağ”la başabaş oynaya bilməz. Uşaqlar çalışırlar, meydanda vuruşurlar. Gənclərimiz də oynadı. Onları burada sınamasaq, harada oynayacaqlar? Get-gedə onların da yaxşı performansını görəcəyik. “Qarabağ”a qarşı oynamaq həmişə çətindir".


A.Bağırov legioner oyunçu transferi ilə bağlı sualı da cavabılandırıb: "Biz də istəyərdik ki, legioner dəvət edək. Araşdırmalarımız, seleksiyamız getmişdi. Yaxşı oyunlarımız olsa, alınacaq. Əsas da hücum xəttinə oyunçu transferi fikirləşirik. Orada boşluqlar çoxdur. O komandayıq ki, rəqib qapısı qarşısında 3-4 epizod yaradıb, yararlana bilmirik. Bu da müdafiədə öz təsirini göstərir. Rəqiblərimizin hücum xəttində rəngarənglik daha çoxdur. Bütün komandaların hücum xəttində daha çox oyunçuları var, nəinki müdafiəçilər".


Baş məşqçi qeyd edib ki, "Qarabağ"ın imkan verdiyi qədər oynaya biliblər: "Bu barədə çox danışmaq olar. “Qarabağ” icazə verdiyi zonalar var idi. Hansı ki, biz girə bilirdik. Çox yerdə qarşımızda sədlər var idi. Amma alınan detallar, rəqibin yorğunluğu və ya bizim düzgün pressinqimizlə əlaqəli ola bilər. Birinci hissə az alındı. Çünki “Qarabağ” daha rahat və hazırlıqlı idi".

0 comments
bottom of page