“Bizim üçün vacib oyun idi. Xal ehtiyatımızı artırmaq istəyirdik. Buna görə də meydana qələbə üçün çıxmışdıq”.
90plus.az xəbər verir ki, bu sözləri “Kəpəz”in baş məşqçisi Azər Məmmədov Misli Premyer Liqasının 9-cu turunda “Sumqayıt”a qarşı keçirilən oyundan sonra mətbuat konfransında deyib.
O, komandasının 0:1 hesablı məğlubiyyətini belə şərh edib: “İlk hissədə çox yaxşı oynadıq. Fasiləyə qədər üstünlük bizim tərəfimizdə idi. Lakin ikinci hissənin əvvəlində rəqib üstünlüyü ələ aldı. Qoldan sonra yenilgidən qaçmağa çalışsaq da, alınmadı”.
Mütəxəssis qeyd edib ki, komandasının müdafiə xəttində problem yoxdur: “Arxa xətdə problemimiz yoxdur. 9 tur ərzində 13 qol buraxmışıq və bizim kimi komanda üçün bu nəticə normaldır. Lakin 8 oyuna cəmi 5 qol vurmuşuq. Buna görə də irəlidə oynayanlar artırmalıdırlar. Təəssüf ki, irəlidə istədiyimizi etmək üçün həm ustalıq çatmır, həm də keyfiyyət”.
A.Məmmədov ötən mövsümlə müqayisədə rəqiblərin gücləndiyini bildirib: “Ötənilki "Şamaxı" da yoxdur, "Səbail" də. Komandalar gücləniblər. Görünən odur ki, güclü komandalara qarşı bir az daha artırmaq lazımdır”.
“Kəpəz”in çalışdırıcıs şans vermədiy kapitan Vurğun Hüseynova inandığını bildirib: “Ona inamımız böyükdür. İki mərkəz müdafiəçimiz stabil oynayır, indi onları dəyişsəm, ədalətsizlik olar. Lakin gələcəkdə Vurğunun da xidmətindən yararlanacağıq”.
O, gələcəyə inamlı baxdığını vurğulayıb: “Sumqayıt” ötən mövsüm səhv etmirəmsə, 16 oyun qələbə qazana bilməmişdi. Düzdür, bu il "Kəpəz"ə zəif gözü ilə baxırlar. İkinci dövrədə daha yaxşı olacağımıza və xallar qazanacağımıza inanıram”.
Azər Məmmədov komandasının yalnız "Qarabağ", "Sabah" və "Neftçi" kimi rəqiblərlə oyuna motivasiya ilə çıxması haqda fikrə belə münasibət bildirib: “Böyükhesablı məğlubiyyətimiz bircə "Səbail"ə qarşı olub. Digər nəticələr bir fərqlə qeydə alınıb. Biz asan təslim olan komanda deyilik. "Qəbələ"də köklü dəyişikliklər oldu və özlərini toparlamaq üçün vaxta ehtiyacları var idi. Bizdə də elədir, ötən mövsümdən 5-6 oyunçu var. Düşündüyümüz heyəti hələ oynada bilməmişik. Vaxta ehtiyacımız var. İstədiyimiz 11-liyi hələ meydana buraxa bilməmişik. Hər matça belə hazırlaşırıq, hər şeyə rəğmən, bugünkü oyun gələcəyə ümid verdi ki, inkişaf ola, xallar qazana bilərik. Bizə uyğun olan komandalardan xallar götürməyə borcluyuq və inşallah, edəcəyik”.
“Kəpəz”in çalışdırıcısı Gəncədə meydandan kənarda oyunlar getməsi fikrinə də toxunub: “Kəpəz” azarkeşləri çılğındır. Hər zaman yaxşı nəticə tələb edilir. Bugünkü "Kəpəz" keçmiş "Kəpəz"ə yaxındırmı? O vaxtla indiki arasında fərqlər var. Bəzən reallığa baxmaq lazımdır. Azarkeşlərimiz var ki, çox müsbət düşüncəlidirlər, sadaladığım kriteriyaları başa düşürlər. İstəyirlər ki, sonuncu olmayaq. Çalışacağıq, onların istəyini yerinə yetirək”.
Mütəxəssis hədəflərinin Premyer Liqada qalmaq olduğunu söyləyib: “Hədəfimiz elitada qalmaqdır. Lakin o demək deyil ki, 9-cu olmalıyıq. Bunun üçün çalışırıq. Düşünürəm ki, elitada qalacağıq”.
