"Azərbaycan əks hücumlarda təhlükəli ola bilər!"

“Bütün oyunçularımızla çox yaxşı münasibətimiz var. Əlbəttə, sabahkı oyuna hazır olmaq istəyirik. Fərqli komandalardan oyunçularımız var. Ancaq hər şeydən əvvəl rəqibi çox yaxşı öyrənməliyik və oyun baxımından bizim üçün hansı çətinlik yarada biləcəyini görməliyik. Daha əvvəl Azərbaycan milli komandası ilə bir neçə dəfə qarşılaşmışıq. Bilirik ki, Azərbaycan əks-hücumlarda kifayət qədər təhlükəli ola bilər. Bu cəhətləri nəzərə almalıyıq”.


“90plus” AFFA-ya istinadən xəbər verir ki, bu sözləri DÇ-2022-nin seçmə mərhələsində Portuqaliya - Azərbaycan oyunu ərəfəsində təşkil olunmuş mətbuat konfransında Portuqaliya milli komandasının baş məşqçisi Fernando Santos deyib.



“Dünya çempionu olmaq arzumuz var. Bu, həqiqətən xəyal deyil. Doğru ola biləcək bir şeydir. Dünya çempionu olmaq üçün mübarizə apara biləcəyimiz seçmə mərhələyə başlayırıq. Hədəflər təyin etməli və bu hədəflərə çatmalıyıq. İstənilən görüşdə qalib gələ bilərik”.


O, qeyd edib ki, bütün oyunçular oyunların vacib olduğunu bilir: “Bu seçmə mərhələdəki bütün qarşılaşmalara maksimum köklənməliyik. Futbolçular milli komandaları üçün bir araya gələndə əllərindən gələni etməlidirlər ki, biz bu görüşdə qalib gələk. Çünki hər qələbə bizi Dünya Kubokunun finalına bir qədər də yaxınlaşdıracaq. Qrupumuzda yer alan komandalarla oyunların hər birinə final qarşılaşması kimi yanaşmalıyıq.


İlk oyunumuz Azərbaycan millisinə qarşıdır. Ancaq rəqibi zəif qiymətləndirməməliyik. Bacarıqlarımızı, zehni gücümüzü, texniki keyfiyyətlərimizi, fiziki hazırlığımızı istifadə etməliyik”.


Qeyd edək ki, martın 24-də keçiriləcək Portuqaliya - Azərbaycan oyunu Bakı vaxtı ilə saat 23:45-də başlayacaq.

0 comments

Recent Posts

See All