Azərbaycan boksçusu dünya çempionu oldu!


Azərbaycan boksçusu Alfonso Dominges Serbiyanın paytaxtı Belqradda dünya çempionatının final görüşünə çıxıb.

90plus.az xəbər verir ki, 86 kq çəki dərəcəsində həlledici qarşılaşmada rəqib braziliyalı Keno Maçado olub. 2018-ci ildə Argentinanın paytaxtı Buenos-Ayresdə keçirilmiş Yeniyetmələrin Yay Olimpiya Oyunlarının qalibi ilə döyüşün ilk raudunda 5 hakimdən 4-ü qələbəni Domingesə verib. Yalnız 1 hakim Maçadonu fərqləndirib.

İkinci raundda Azərbaycan təmsilçisini 5 hakimdən 3-ü üstün sayıb.

Üçüncü raundda Maçado nisbətən fəallaşıb. Bunun nəticəsində o, yekunda fərqi minimuma endirə bilib. Beləliklə, Dominges 3:2 (28:29, 29:28, 29:28, 30:27, 28:29) hesabı ilə qalib gələrək, karyerasında ilk dəfə dünya çempionu olub.

Daha əvvəl o, Minsk-2019 II Avropa Oyunlarının qalibi və Tokio-2020 Yay Olimpiya Oyunlarının bürünc mükafatçısı adını qazanıb.

Beləliklə, kişi boksçulardan ibarət Azərbaycan millisi dünya çempionatını 1 qızıl, 2 bürünc medalla başa vurub.

Daha əvvəl Sərxan Əliyev 71 kq, Məhəmməd Abdullayev isə 92 kq-dan yuxarı çəki dərəcəsində fəxri kürsünün 3-cü pilləsinə qalxıb.

Dünya çempionuna kəmər və 100 000 ABŞ dolları, bürünc medalçılara 25 000 dollar mükafat verilib.

0 comments