Azərbaycan derbisində rekord

“Qarabağ”la “Neftçi” arasında Azərbaycan derbisində rekord qeydə alınıb.


90plus.az PFL-in saytına istinadən xəbər verir ki, ölkə çempionatları tarixində ilk dəfə ardıcıl 5 oyunda eyni komanda qalib gəlib. Bu, Misli Premyer Liqasının 8-ci turunda rəsmiləşib. 3:1 hesablı qələbə qazanan “Qarabağ” ardıcıl 5-ci dəfə “Neftçi”ni xalsız qoyub.


Qurban Qurbanovun komandası ötən mövsümün bütün görüşlərində qalib gəlmişdi – 2:1, 4:0, 2:1 və 4:1. “Ağ-qaralar” sonuncu dəfə 2021-ci il mayın 19-da 1:0 hesabı ilə qalib gəldikləri matçda xal əldə edib.


1992-ci ildən keçirilən ölkə çempionatlarında derbilərin əvvəlki rekordu ardıcıl 4 qələbədən ibarət idi. “Qarabağ” 2016-cı ildəki qarşılaşmaları itkisiz keçirib. 2015/16 mövsümünün son iki duelində 2:0 və 2:1 hesabı ilə qələbə qazanan ağdamlılar seriyasını növbəti çempionatda da davam etdirib – 3:0, 2:0.


Qeyd edək ki, “Qarabağ”la “Neftçi” ölkə çempionatlarında 88 dəfə qarşılaşıb.


0 comments