Azərbaycan Premyer Liqasında mübarizə aparan klublar qardaş Türkiyədə bu səhərə yaxın baş verən güclü zəlzələ ilə bağlı başsağlığı veriblər.
90plus.az - ın məlumatına görə, "Qarabağ", "Neftçi" və "Turan Tovuz" rəsmi sosial şəbəkə hesablarında Türkiyənin kədərinə şərik olduqlarını bildiriblər.
"Qardaş Türkiyədə baş verən zəlzələdə həyatını itirən insanlara Allahdan rəhmət, yaralılara şəfa diləyirik.
Başın sağ olsun, Türkiyə!" - deyə "Qarabağ"ın paylaşımında bildirilib.
"Neftçi"nin paylaşımında isə bildirilir: "Qardaş Türkiyənin bir neçə şəhərində baş verən zəlzələyə görə həlak olan və xəsarət alanlarla bağlı dərin hüznlə kədərləndiyimizi bildiririk. "Neftçi" ailəsi adından həlak olanlara Allahdan rəhmət diləyir, ailələrinə başsağlığı verir, yaralılara şəfalar arzulayırıq.
Sizinləyik, qardaş Türkiyə!"
"Turan Tovuz"un paylaşımında qeyd edilib: "Türkiyədə baş verən zəlzələ nəticəsində həyatını itirən qardaşlarımıza Allahdan rəhmət, yaralılara şəfa diləyirik. Keçmiş olsun, Türkiyə!
Səninləyik, Türkiyə!"
Xatırladaq ki, bu səhər Türkiyənin bir neçə şəhərində bir neçə şəhərində 7,4 bal gücündə zəlzələ baş verib. Bu saata olan rəsmi xəbərə görə, hadisə nəticəsində ölənlərin sayı 284-ə, yaralı sayı 2323 nəfərə çatıb.
