
“Red Bull Racing” komandasının pilotu Serxio Peres ikinci dəfə Formula 1 Azərbaycan Qran-Prisinin qalibi olub.
90plus.az AZƏRTAC-a istinadən xəbər verir ki, meksikalı pilot cari mövsüm və Bakı şəhər halqasında ikinci, karyerasında isə altıncı qələbəsini qazanıb.
Azərbaycan Qran-Prisi tarixində ilk dəfə bir pilot iki dəfə podiumun ən yüksək pilləsinə qalxıb. Belə ki, S.Peres 2021-ci ildə Bakı mərhələsində birinci olub.
Onun komanda yoldaşı Maks Ferstappen ikinci, “Ferrari”nin sürücüsü Şarl Lakler isə üçüncü pillədə yer alıblar.
Formula 1 yarışlarında hər biri iki pilotdan ibarət 10 komanda mübarizə aparıb. Pilotlar 2 saat ərzində Bakı şəhər trekində 51 dövrə vurublar.
Qeyd edək ki, Formula 1 Azərbaycan Qran-Prisinə aprelin 28-də start verilib. Azərbaycan Qran-Prisinin ilk günündə Formula 1 pilotları sərbəst yürüş və sıralanma yürüşlərində mübarizə aparıblar. Hər iki yürüşdə pilotlar 1 saat ərzində 6 kilometrlik Bakı trekində yarışıblar. Sərbəst yürüşdə Red Bull Racing” komandasının pilotu Maks Ferstappen bütün rəqiblərini qabaqlayıb. “Ferrari”nin pilotu Şarl Lekler və “Red Bull Racing”in digər sürücüsü Serxio Peres ilk üçlüyü tamamlayıblar. Sıralanma turunu isə “Ferrari”nin pilotu Şarl Lekler qalibi kimi başa vurub. “Red Bull Racing”in üzvləri Maks Ferstappen ikinci, Serxio Peres isə üçüncü yerdə qərarlaşıblar. Bu qələbə sayəsində monakolu pilot cari mövsüm ilk, Bakı şəhər halqasında ardıcıl üçüncü poul qazanıb. Həmçinin bu, onun karyerasında qazandığı 19-cu nailiyyətdir. Aprelin 29-da isə sprint üçün təsnifat və sprint yarışları təşkil olunub. Təsnifat yarışında “Ferrari” komandasının pilotu Şarl Lekler birinci olub. “Red Bull Racing”in pilotları Serxio Peres və Maks Ferstappen ilk üçlüyü tamamlayıblar. Sprint yarışı isə S.Peresin qələbəsi ilə yekunlaşıb. Ş.Lekler ikinci, M.Ferstappen isə üçüncü olublar.
Formula 1 üzrə dünya çempionatının cari mövsümü 24 mərhələdən ibarətdir. Qran-Prinin dördüncü mərhələsinə Bakı ev sahibliyi edib. Altı kilometr uzunluğu olan və saat əqrəbi istiqamətinin əksinə hərəkət edən trek məşhur almaniyalı memar Hermann Tilke tərəfindən hazırlanıb. Azadlıq meydanından başlayan trek Hökumət Evinin ətrafı ilə fırlanaraq Qız qalasına çatmaq üçün İçərişəhər ətrafında 2,2 kilometr dairə vurur və Neftçilər prospektinə çıxaraq başlanğıc yerində sona çatır. Trekin ən geniş yerinin eni 13 metrdir, ən dar hissəsi trekin İçərişəhər ətrafında olan hissələrində, o cümlədən 7-ci və 8-ci döngələrdə 7,6 metr təşkil edir.