Azərbaycan – Serbiya: Akkreditasiya üçün qeydiyyat

90plus.az AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, DÇ-2022-nin seçmə mərhələsi çərçivəsində martın 30-da, saat 20:00-da Bakı Olimpiya Stadionunda keçiriləcək Azərbaycan – Serbiya oyunu üçün akkreditasiya almaq istəyən KİV nümayəndələri martın 19-dək qeydiyyatdan keçməlidirlər.


Qeydiyyatdan keçmək üçün tələb olunanlar:

1. Qeydiyyatdan keçənin adı, soyadı, atasının adı;

2. Şəxsiyyət vəsiqəsinin surəti (skaner olunmuş);

3. Təmsil etdiyi KİV;

4. Vəzifəsi;

5. 3x4 ölçüdə, elektron formatda rəsmi sənəd üçün şəkil.

Yuxarıda qeyd olunanlar 19 mart saat 18:00-a qədər ipr@affa.az ünvanına göndərilməlidir. Müraciət edənlər qeydiyyat üçün tələb olunanların hər birini təqdim etdikdən və ipr@affa.az ünvanından müvafiq təsdiq cavabı aldıqdan sonra qeydiyyatdan keçmiş hesab olunacaqlar.

Vacib qeydlər:

- COVID-19 pandemiyası ilə əlaqədar UEFA-nın müvafiq protokoluna uyğun olaraq, mətbuat nümayəndələrinin stadionun mətbuat sektoruna və mətbuat konfransı otağına buraxılması qaydalarına say məhdudiyyəti tətbiq olunacaq.

- Hər KİV-dən yalnız 1 (bir) nəfər qeydiyyatdan keçə bilər.

- Say məhdudiyyəti nəzərə alınaraq, qeydiyyatdan daha erkən keçmiş KİV nümayəndələrinə üstünlük veriləcək.

- Qeydiyyatdan keçənlərin sayı tətbiq olunan limiti keçəcəyi təqdirdə, qeydiyyat martın 19-dan daha tez yekunlaşdırıla bilər.

0 comments