"Azərbaycan xalqının bu finala layiq olmadığını düşünmək ayrıseçkilik olar" - UEFA prezidenti

"Məgər dünyanın mərkəzi İngiltərədir?"

UEFA prezidenti Aleksander Çeferin növbəti dəfə Avropa Liqasının final matçının Bakıda keçirilməsi barədə qərarı şərh edib.

90plus.az xəbər verir ki, sloveniyalı funksioner Britaniyanın "Mirror" nəşrinə açıqlamasında bu qərarı müdafiə edib və ingilislərin buna etiraz etməkdə haqsız olduqlarını deyib:

"Sizə bir şey deyim. Finalda iki Azərbaycan komandası oynasaydı və matçın Londonda keçiriləcəyini söyləsəydik, heç kim şikayət etməzdi. İngiltərə Premyer Liqa klublarından birinin prezidenti mənə dedi ki, ingilis azarkeşlər ən ucuz bilet və ən bahalı oyunçular istəyir. Heç kim finalın İngiltərədə təşkil olunmasını tələb edə bilməzdi. İki ingilis komandasının həlledici matça vəsiqə qazanacağını kim bilirdi? Finaldan bir ay əvvəl iki ingilis komandasının həlledici görüşdə qarşılaşacağını bildik. Yeri dəyişmək mümkün deyil. İnanın ki, il yarım əvvəldən hazırlıqlar başlayır. Həm də Azərbaycan xalqı çox qürurlu, xoşbəxt idi. Uzaq olduqları üçün bu finalı izləməyə layiq olmadıqlarını düşünmək ayrıseçkilik olar. Məgər dünyanın mərkəzi İngiltərədi?"

Xatırladaq ki, mayın 29-da Bakı Olimpiya Stadionunda keçirilən finalda "Çelsi" "Arsenal"ı 4:1 hesabı ilə məğlub edib.

0 comments