"Azərbaycanda çalışdığım dövrdə çempionatın səviyyəsi yüksək idi" - Kaxaber Tsxadadze



"Özüm Azərbaycanda 8 il çalışmışam və gözəl xatirələrim var. Bu müddətdə gözəl vaxt keçirdiyimdən, indi isə sizinlə yenidən bir arada olmaqdan çox məmnunam".

"90plus"un məlumatına görə, bunu Gürcüstanın "Dinamo" komandasının baş məşqçisi Kaxaber Tsxadadze evdə "Neftçi" ilə keçirəcəkləri UEFA Çempionlar Liqasının I təsnifat mərhələsinin ilk oyunundan əvvəl mətbuat konfransında deyib.

53 yaşlı mütəxəssis "Dinamo"nun prezidenti Georgi Pipiyanın "Neftçi"yə uduzmaq faciə deyil" açıqlamasını belə şərh edib: "Qarşıdakı matç hər iki kluba çox vacibdir. İstənilən uğur komandamız üçün öməmlidir. "Neftçi"ni çox yaxşı tanıyıram. Rəqibin oturuşmuş heyəti var. Biz isə onların üstünlüklərinin qarşısını almağa və zəif tərəflərindən yararlanmağa çalışacağıq".

Baş məşqçi Bakı "İnter"ində (hazırkı "Keşlə") baş məşqçi olduğu dövrlə indiki arasında müqayisə aparıb: "Azərbaycanda çalışdığım dövrdə çempionatın səviyyəsi yüksək idi, 4-5 klub qızıl medallar uğrunda mübarizə aparırdılar. "Qarabağ" komandasının hegemonluğuna son qoyan "Neftçi" illərdir apardığı mübarizəni çempionluqla tamamladı".

O, Azərbaycanda 6 ildir çalışmadığını və bu müddətdə "Neftçi"də xeyli dəyişikliyin baş verdiyini vurğulayaraq, indiki məqamda hər hansı üstünlükdən danışmağın tez olduğunu söyləyib: "Rəqibin oyunu "Dinamo"nun üslubuna çox bənzəyir. Onlar da 3 mərkəz müdafiəçisindən yararlanırlar. Həmçinin, cinah oyunçuları çox güclüdürlər".

Tsxadadze komandadakı bütün gənclərə şərait yaradılmasının vacibliyini dilə gətirib. O, hazırda yeni transferlər üzərində düşündüklərini, amma maddi sıxıntılar səbəbindən çətinlik çəkdiklərini vurğulıayıb: "Komandada bəziləri məni bəyənmir, amma bu, heç nəyi dəyişmir. Bu görüş öncəsi çempionat qarşılaşmamızın təxirə salınmasını istəyirdik. Təəssüf ki, Gürcüstan Futbol Federasiyası buna razılıq vermədi. Hər dörd gündən bir oyunun keçirilməsi problem deyil. Sadəcə, komandaya qoşulduğum bir ay ərzində cəmi 6 oyun keçirmişik. Bu da bir baş məşqçi üçün çox azdır. Belə bir məqamda sıx qrafiklə çalışmaq müəyyən çətinliklər yaradır".

"Dinamo"nun baş məşqçisi "Neftçi"də onun rəhbərliyi altında oynamış hazırkı rəqib həmkarı Samir Abasov, eləcə də Voyislav Stankoviç və Sezar Meza Kolli barədə də fikirlərini bölüşüb: "Onları çox yaxşı tanıyıram. Abasovun "Neftçi"nin çempionluğunda böyük haqqı var. Onun gəlişi bu çempionluqda xüsusi rol oynadı. O, qoşulanadək bu komandanın "Qarabağ"la rəqabətdə heç bir şansı yox idi. Stankoviç aparıcı futbolçudur, bizim dövrümüzdə komandamıza qoşulmuşdu. Liderliyi "Neftçi"yə keçidində rol oynadı. Sezar Meza Kollinin təcrübəsi sabahkı oyunda öz təsirini göstərəcək. Mənim onunla heç bir problemim olmayıb. Futbolçunun özünün belə bir fikir səsləndirməsindən xəbərim yoxdur".

0 comments