top of page

“Azərbaycanda ən yaxşı futbol infrastrukturuna malik "Qəbələ"dir"- Renduliç


Misli Premter Liqasının 34-cü turunda “Qəbələ- Sabah" (2-0) oyunundan sonra mətbuat konfransında hər iki çalışdırıcı oyunu şərh edib.


90plus.az hər iki mütəxəssisin fikirlərini təqdim edir:


"Qəbələ"nin baş məşqçisi Kaxaber Sxadadze:

"Şadam ki, qalib gəldik. Ardıcıl iki oyundur, qələbə qazanırıq. Futbolçular anlamalıdır ki, Premyer Liqanı tərk etsək də, peşəkar qalmalıyıq. Oyunçular hər zaman maksimumunu verməlidir. Özümüz də səhərdən axşama işləyirik. Onlar da bunu görür.


"Futbolçular öz markalarını saxlamalıdırlar. Onlara bunu demişdik və əməl etdilər. "Qəbələ" həm böyük klubdur, həm də gənc yaxşı futbolçulara şans verir. Onlar da özlərini yaxşı tərəfdən göstərirlər. Bizim sağ cinah müdafiəçimiz olan Eşqin Əhmədovu indiyə qədər kimsə tanıyırdı? O, oyunun ən yaxşısı idi. Özünəinamlı və matça yanaşması ilə əla idi. Mərkəz müdafiəçimiz İbrahim Ramazanov da ikinci oyundur ki, meydandadır. Bütün bunlar pozitiv məqamlardır. Özlərini göstərməyə çalışırlar. Oyuna gəldikdə, qırmızı vərəqəyə qədər də, diqtə edən tərəf biz idik. Müdafiədə etibarlı və diqqətli oynadıq. Epizodlarımızdan da istifadə edib qalib gəldik. Bir neçə qol epizodumuz var idi. Əsas odur ki, qalib gəldik. Neqativ odur ki, komanda artıq Premyer Liqadan düşüb. Necə olacağını sabah görəcəyik. Əsas odur ki, biz işimizi yerinə yetirək. Biz bura gəlmişiksə, özü də xarici kimi gəlmişiksə, sona qədər peşəkar kimi çalışacağımızı maksimum göstərməliyik. Sabah necə olacağını bilmirik. Təki, hər şey yaxşı olsun".


Baş məşqçi gənc futbolçulara şans verməkdə çəkinmədiyini deyib: "Qəbələ-2"nin oyunlarına getdik və gənc futbolçuları oradan əsas komandaya cəlb etdik. Psixoloji anlar da var. Amma əmin olun ki, özüm-özümə də bu sualları verirəm".


"Sabah"ın baş məşqçisi Krunoslav Renduliç:

“Rəqibi təbrik edirəm. Bu gün bizdən yaxşı oynadılar. Birinci hissədə biz öz səviyyəmizə uyğun çıxış etmədik. Çoxlu top itirdik. Həmçinin meydanda futbolçular arasında əlaqə daha yaxşı olmalıydı. İkinci hissənin əvvəlində komanda yaxşı təsir bağışladı. İrəlidə rəqibə yaxşı təzyiq edirdik. Buna baxmayaraq, azlıqda qaldıq, bir nəfər azlıqda mübarizə aparmaq da çox çətindir. Bura qələbə üçün gəlmişdik. Lakin təəssüf ki, çoxlu səhvlərə yol verdik, bunun da qarşılığında məğlub olduq”.

Renduliç yayda "Zirə"yə keçəcəyi gözlənilən Davit Volkovun bu gün qırmızı vərəqə alması ilə bağlı suala bu cavabı verib:

"Bizimlə iyuna qədər müqaviləsi var. 15-20 gündən sonra nə olacağını deyə bilmərəm. Volkov komandanı 10 nəfərlə meydanda qoymaqla böyük səhv etdi. O, özü-özünü cəzalandırdı. Çünki qarşıda iki oyun var və həmin matçlarda iştirak etməyəcək.

Bizim üçün psixoloji problem olmayacaq. Dörd oyunda qalib gəlmişdik. "Qarabağ"ı məğlub edəndə də, "Real" (Madrid) deyildik. İndi uduzmuşuqsa, o demək deyil ki, ikinci liqa səviyyəsində hansısa komandayıq. Xüsusi məqsədlərimiz var və onlara çatmaq üçün çalışmalıyıq".


Renduliç mövsümü sonunu yerdə tamamlayacaq  "Qəbələ"nin infrastrukturu haqda da danışıb: "Həqiqətən də çox təəccübləndim. Çoxlu meydançalar var, əsas meydançanın səviyyəsi çox yaxşı idi. Bəlkə də Azərbaycanda ən yaxşı futbol infrastrukturuna malik "Qəbələ"dir".



0 comments

Comments


bottom of page