Azərbaycanda bu federasiyanın adı dəyişdirildi, yeni prezident təyin olundu

Yanvarın 31-də Azərbaycan Xizək İdman növlərinin Federasiyasının ümumi yığıncağı keçirilib.

90plus.az xəbər verir ki, Gənclər və İdman Nazirliyinin inzibati binasında dövlət himnimizin səsləndirilməsi ilə başlanan tədbirdə əvvəlcə nazir Fərid Qayıbov yığıncaq iştirakçılarını salamlayaraq onlara uğurlar arzulayıb.


Sonra, Xizək İdman növlərinin Federasiyasının prezidenti Rauf Xəlilov qurumun son illərdəki fəaliyyəti barədə hesabat verib. Yığıncaqda federasiyanın adında və nizamnaməsində dəyişikliklər edilib. Bundan sonra təşkilat Azərbaycan Qış İdman növləri Federasiyası adlanacaq.


Ardınca federasiya rəhbərliyinə yeni seçkilər keçirilib. Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyev Azərbaycan Qış İdman növləri Federasiyasının yeni prezidenti seçilib.

Seçkidən sonra çıxış edən Fuad Nağıyev ona göstərilən etimada görə təşəkkür edib və bu idman növünün ölkəmizdə inkişafı üçün əlindən gələni edəcəyini bildirib.


Konfransda həmçinin, Florian Sengstscmid federasiyanın vitse-prezidenti seçilib. Bundan başqa, Elvira Zəkərayeva, Nasir Fərhadov, Tomas Evgeni Tor Yensen, Daşqın Abbasov və Ruslan Behbudov federasiyanın idarə heyətinin üzvü seçiliblər. Baş katib isə Günel Bədəlova seçilib.


Tədbirdə Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə və Qış İdman Növləri Federasiyasının vitse-prezidenti Florian Sengstscmid çıxış ediblər.

0 comments