Azərbaycanda idman tədbirləri qadağası uzandı

Bakı, Cəlilabad, Gəncə, Masallı, Mingəçevir, Sumqayıt, Yevlax şəhərləri və Abşeron, Bərdə, Goranboy, Göygöl, Xaçmaz və Salyan rayonlarında 2020-ci il 31 avqust saat 00:00-dək sərtləşdirilmiş xüsusi karantin rejimində bəzi məhdudiyyətlər davam edəcək.



90plus.az xəbər verir ki, qərara əsasən bu müddətdə ölkəmizdə yenidən açıq havada idman yarışlarının və oyunlarının keçirilməsi qadağan edilib. Bu isə o deməkdir ki, Azərbaycan Premyer Liqasında 2020-2021 mövsümü AFFA-nın əvvəlcədən açıqladığı kimi, avqustun 21-də deyil, daha sonra start götürəcək. Bugünkü qərar həm də avrokuboklarda iştirak edəcək klublarımızın oyununa təsir edə bilər. Ölkəmizi Çempionlar Liqasında təmsil edəcək "Qarabağ" ilk oyununu avqustun 18-i və ya 19-u, Avroliqada iştirak edəcək "Neftçi", "Sumqayıt", "Keşlə" isə ilk matçını avqustun 27-də keçirməlidir. Komandaların evdə, yaxud səfərdə oynayacağını püşk müəyyənlədirəcək. Qeyd edək ki, pandemiya səbəbindən avrokuboklarda təsnifat mərhələləri bir oyundan ibarət olacaq. Xatırladaq ki, iyunun 1-dən Azərbaycanda açıq havada keçirilən idman yarışlarının təşkilinə icazə verilsə də, daha sonra koronavirusa yoluxma sayının sürətlə artmasına görə yenidən qadağalar qoyulub.

0 comments