Azərbaycanda ilk dəfə Çempionlar Kuboku keçiriləcək

Bu il Bakıda atıcılıq üzrə Çempionlar Kuboku keçiriləcək.

90plus.az xəbər verir ki, bu barədə stend atıcılığı üzrə Azərbaycan millisinin yeni baş məşqçisi Emin Cəfərov məlumat verib.

Onun sözlərinə görə, ilk dəfə təşkil olunacaq turnir 18 - 24 oktyabrda baş tutacaq:


"Ümumilikdə atıcılığın 12 olimpiya növü var. Hər növ üzrə 2021-ci ilin reytinqinə əsasən, 12 ən yaxşı idmançı paytaxtımıza gələcək. Bu, tennisdəki "Masters Cup" turniri kimi bir şeydir. Əslində yarış ötən il keçirilməli idi. Sadəcə pandemiya səbəbindən təxirə salındı".


Cəfərov Çempionlar Kubokunda Azərbaycan idmançılarının da iştirak edəcəyini söyləyib: "Turnir ilk dəfə təşkil olunacağı üçün detallar tam dəqiqləşməyib. Starta yaxın bütün suallara aydınlıq gələcək. Amma idmançılarımız 100 faiz orada olacaqlar".


Baş məşqçi Bakının bu il Dünya Kubokuna da ev sahibliyi edəcəyini açıqlayıb: "Turnir 21 iyun - 2 iyula nəzərdə tutulub. Tarixlər artıq təsdiqlənib, hazırlıq işləri gedir. Sadəcə pandemiyaya görə qəti fikir bildirmək çətindir. Ötən illərin təcrübəsinə əsasən deyə bilərəm ki, hər şey normal vəziyyətdə olsa, 800 - 1 000 nəfərə yaxın idmançı iştirak etməlidir. Adətən, Bakıya 60-70 ölkənin təmsilçiləri gəlir. Lakin mövcud vəziyyətə görə say az ola bilər. Məsələn, pandemiya dövründə ilk Dünya Kuboku ötən ay Misirdə keçirildi. Orada idmançıların sayı az oldu. Tokio olimpiadasından öncə ən son Dünya Kuboku yarışı bizdə olacaq".


20 may - 6 iyunda Xorvatiyanın Osiek şəhərində gerçəkləşəcək lisenziya xarakterli Avropa çempionatına hazırlaşdıqlarını söyləyən Cəfərov bu turnirdən öncə İtaliyadakı Dünya Kubokunda da iştirak etməyi planlaşdırdıqlarını vurğulayıb. (Report)

0 comments