top of page

Azərbaycanda irqçilik nə vəziyyətdədir?


İspaniya La Liqasının XXXV turu üzrə "Valensiya" - "Real Madrid" matçında (1:0) Vinisius Juniorun ünvanına rəqib azarkeşlərin irqçi şüarlar səsləndirməsi, təhqir etməsi, görüş zamanı baş verən mübahisədən sonra qırmızı vərəqə ilə cəzalandırılması dünya futbolunda gündəm olub. 

 90plus.az "Ofsayd"a istinadən xatırladır ki, cari mövsümün əvvəlində Azərbaycan Premyer Liqasında da futbolçu irqçiliklə üzləşmiş, lakin məsələ ilə bağlı heç bir tədbir görülməmişdi. Belə ki, Region Liqasında mübarizə aparan “Füzuli” klubunun prezidenti Bəşir Əliyev "Neftçi"nin sabiq hücumçusu Qodsvey Donyoya qarşı irqçilik etmişdi. 

Bəs Azərbaycanda futbolçular rəqib azarkeşlər, komanda üzvləri və ya klub rəsmiləri tərəfindən irqçi davranışlara məruz qalsalar, nə addım atılmalıdır? Qarşı tərəfi hansı cəzalar gözləyir? 

Məsələ ilə bağlı idman hüquqşünası Fərid Haqverdiyev ilə əlaqə saxladıq. F.Haqverdiyev saytımıza açıqlamasında bildirdi:

“İrqçiliklə bağlı AFFA-nın İntizam Məcəlləsi hər il yenilənir. İrqçiliyə yol vermiş komanda üzvləri, rəsmi şəxslər, futbolçulara müəyyən cəzalar verilir. Azarkeşlər irqçi şüarlara yol versə, klub 4000 manat məbləğində cərimə olunur. Bu sanksiyalar kifayət etməsə, həmin azarkeşlərin stadiona girişinə qadağa qoyulur və növbəti oyun neytral meydanda keçirilir. Bundan başqa, rəsmi şəxslər irqçi sözlər səsləndirərsə, həmin şəxslər 4000 manat məbləğində cərimələnə və onlara qarşı sanksiyalar qoyula bilər. Bu isə İntizam Komitəsinin səlahiyyətində olan məsələdir. Bu, oyun zamanı baş verərsə, hakimlərə 3 seçim verilir: ya oyunu dayandırmalı, ya müəyyən müddətə təxirə salınmalı, yaxud da oyundan imtina etməlidir. İlk növbədə oyun dayandırılır və xəbərdarlıq edilir. İkincisi oyun bir neçə dəqiqəlik təxirə salınır. Üçüncüsü isə təhlükəsizlik xidmətinin də rəyi alınır, azarkeşlər irqçi davranışlara davam edir və buna son vermirlərsə, oyun davam etdirilmədən təxirə salınır. Məsələn, “Real Madrid”in futbolçusu Vinisius Juniorun “Valensiya”ya qarşı oyunda irqçiliklə üzləşməsinə nəzər salaq. Hakim azarkeşlərə irqçi hərəkətlərə son vermələrini, yoxsa oyunun təxirə salınacağını xəbərdarlıq etdi”.

0 comments

ความคิดเห็น


bottom of page