Azərbaycanlı idmançı olimpiadada ağrıkəsici ilə çıxış edib



Azərbaycan fiqurlu konkisürəni Vladimir Litvintsev Pekin-2022 Qış Olimpiya Oyunlarında zədəli halda mübarizə aparıb. 90plus.az xəbər verir ki, bu barədə 21 yaşlı idmançının özü Milli Olimpiya Komitəsinin mətbuat xidmətinə açıqlamasında bildirib. Rusiyalı legioner zədəsinin onu narahat etdiyini bildirib: "Zədə məni narahat edir, ağrıkəsiçi ilə sürüşürəm. Amma müalicə prosesi gedir. Gələcək yarışlarda da çıxış etmək istəyirəm. Fikrimcə, hər şey düzgün qaydada davam edir". Litvintsev olimpiadada 239,19 xalla 18-ci yeri tutub. O, ümumilikdə çıxışından razılıq ifadə edib: "Ekstremal hadisə, yıxılma, tullanmadan sonra yerə uğursuz düşmə halları olmadı. Sonadək mübarizə apardım və əlimdən gələn hər şeyi etdim. Bəli, tullanma hərəkətlərində yanlışlıqlar oldu. Amma daha çox işləmək, daha çox məşq etmək lazımdır". Gənc fiqurlu konkisürən fevralın 15-dən mübarizəyə qoşulacaq xanım həmkarı Yekaterina Ryabovaya uğurlar arzulayıb: "Bilirəm ki, o, çox intizamlı qızdır və yaxşı nəticə göstərmək üçün əlindən gələni edəcək".

0 comments