Azərbaycansayağı künc zərbəsi: Sadıqovdan Sadıqovadək

"Bu qol kombinasiyanın tarixi elə də çox yadımda deyil. Həmin künc zərbəsində Vaqif Sadıqovun və yaşlı nəsilin hamısının əməyi var".

90plus.az xəbər verir ki, bu fikirləri “Report”a açıqlamasında AFFA Məşçilər Komitəsinin üzvü Ağasəlim Mircavadov Azərbaycansayağı künc zərbəsinin kimə aid olması ilə bağlı danışarkən deyib.


"O künc zərbəsi həmin tarixdə ortaya çıxdı"


74 yaşlı mütəxəssis künc zərbəsindən sonra bir neçə futbolçunun buraxdığı topu sonrakı oyunçunun dəqiq zərbə ilə qapıya yönəltməli olduğuna dair taktiki tapşırığı 1990-cı illərdə tez-tez məşqçilərlə birgə müzakirə etdiklərini xatırladıb: "Mən əsas yığmanın baş məşqçisi olanda Vafiq Sadıqov U-21-ə rəhbərlik edirdi. Millinin məşqçiləri bir yerə yığışardıq, söhbətlər edərdik. Demək olar ki, hər gün görüşürdük. Bir-birimizə ideyalar verirdik ki, nəyi necə atsək yaxşı olar. Əsasən, yığmada çalışanda Vaqif Sadıqov bizimlə işləyirdi. Demək olar ki, bütün günü futboldan danışırdıq. O künc zərbəsi həmin tarixdə ortaya çıxdı. Biz cərimə zərbələri üzərində də işləyirdik. Belə taktikaları oyunlarda istifadə etmək lazımdır".


Təcrübəli mütəxəssis Azərbaycansayağı künc zərbəsindən ilk qolu hazırda "Kəpəz"in baş məşqçisi olan Yaşar Vahabzadənin vurduğunu söyləyib: "Həmin vaxt "Neftçi"nin heyətində fərqlənmişdi, baş məşqçi də Vaqif Sadıqov idi".

Mircavadovun fikrincə, komandalarda elə futbolçular olmalıdır ki, künc və cərimə zərbələrindən istifadə edə bilsinlər: "Mən 1991-ci ildə Ağdamın "Qarabağ" klubunda işləyəndə aralıq zonasının oyunları keçirilirdi. Ukrayna, Rusiya, Belarusdan komandalar gəlirdi. Biz küncdən zərbələr zamanı müəyyən taktikadan istifadə edirdik. O vaxt Yaşar Hüseynov cərimə meydançasının kənarında dayanır, kücdən zərbə isə qapıya yox, ona tərəf vurulurdu. O da topu göydə tutur və birbaşa qapıya zərbə endirirdi. Biz bu taktika ilə çoxlu qol vurmuşduq. Yaşar Hüseynov solaxay idi və yaxşı zərbələrə malik idi".

Keçmiş baş məşqçi "Azərbaycansayağı künc zərbəsinin sizə aid olması ilə bağlı iddialar barədə nə deyə bilərsiniz" sualına isə belə cavab verib: "Bu barədə nə isə desəm, yalan danışmış olaram. Onu bilirəm ki, Vaqif Sadıqovun da əməyi var və çox olub. Həmin vaxtlar biz bir yerdə idik. Klublarda işləyəndə yenə görüşür, söhbət edirdik. Bir-birimizdən heç nəyi gizlətmirdik. Niyə gizlətməliydik ki? Futbol elədir ki, burda gizlədiləsi bir şey yoxdur. Sadəcə, o ideyaları həyata keçirən oyunçular lazımdır".

Şahin Diniyev: "Azərbaycansayağı künc zərbəsi ortaya çıxan vaxt ölkədə olmamışam"


AFFA Məşçilər Komitəsinin digər üzvü Şahin Diniyev Azərbaycansayağı künc zərbəsinin konkret kimə məxsus olduğunu dəqiq bilmədiyini söyləyib. Amma onun fikrincə, tarix və faktlar bu taktikanın Vaqif Sadıqova məxsus olduğunu göstərir: 1991-ci ildən sonra Azərbaycanda çıxış etməmişəm, legioner həyatı yaşamışam. Bu səbəbdən, dəqiq bir söz deyə bilməyəcəyəm. Həmin Azərbaycansayağı künc zərbəsi ortaya çıxan vaxt ölkədə olmamışam. Amma tarix və faktlar göstərir ki, bunu ilk tətbiq edən Vaqif Sadıqovdur. Ola bilər ki, kimlərsə nə isə fikirləşib. Amma bu, Vaqif Sadıqovun adına yazılmalıdır. O tətbiq edib, Yaşar Vahabzadə onun komandasında çıxış edib və ilk qolu da Vahabzadə vurub".

Diniyev belə bir qol vəziyyətinin necə ortaya çıxmasından da xəbərsiz olduğunu diqqətə çatdırıb: "Bu taktikanı ilk dəfə Vaqif Sadıqov tətbiq edib. Hardan götürüb, harda görüb, necə düşünüb, harda fikirləşib deyə bilmərəm. Hansısa xarici kurslarda bunu götürə bilər, amma əsas məsələ - tətbiq etməkdir. İlk tətbiq edən kimdirsə, müəllif də odur. Bunu milli komandalarda və klublarda ilk dəfə Vaqif Sadıqov tətbiq edib. Qolun tarixçəsini isə dəqiq deyə bilmirəm, çünki ölkədə olmamışam".


Vaqif Sadıqov: "Bu, mənim məhsulumdur"


Bu mövzuda bir neçə dəfə danışdığını xatırladan AFFA-nın vitse-prezindenti və Məşqçilər Komitəsinin sədri Vaqif Sadıqov Azərbaycansayağı künc zərbəsinin tarixindən də bəhs edib: "Bu taktikadan 1993-cü ildə "Neftçi"yə baş məşqçi təyin olunduqdan sonra istifadə etmişəm. Həmin vaxt komandamızda standart vəziyyətlər yaranırdı və lazım olan qədər istifadə edilmirdi. Belə bir fikir yarandı ki, bu istiqamətdə xeyli iş görək. Bir neçə variant üzərində işlədik. Azərbaycansayağı künc zərbəsi onların içərisində ən uğurlusu oldu və həyata keçirməyə başladıq. Bu, artıq özünü yetərincə doğruldub".

Sadıqovun sözlərinə görə, 1990-cı illərdə künc zərbələrini yerinə yetirmək üçün xüsusi futbolçular olub: "Həmin oyunçular keyfiyyətcə güclü olmalı idilər. "Neftçi"də bu taktikanı həyata keçirməyə qadir oyunçular var idi. İlk dəfə bunu çempionatda Bərdənin "Pambıqçı" komandasına qarşı tətbiq etdik. Çox yaxşı da alındı. Bundan sonra öz çempionatımızda, klublarımızda və milli komandalarımızda digər rəqiblərə qarşı uğurla həyata keçirildi. Məni sevindirən odur ki, belə bir künc zərbəsindən Azərbaycanın bütün komandaları yararlanır".

Təcrübəli mütəxəssis "Azərbaycansayağı künc zərbəsinin tam sizə aid olmaması ilə bağlı iddialar barədə nə deyə bilərsiniz" sualını da cavablandırıb. Sadıqov Ağasəlim Mircavadovun "taktikalarla bağlı birikdə müzakirələr aparırdıq" fikirlərinə də münasibət bildirib: "Bunu mən "Neftçi" komandasının baş məşqçisi təyin olunduqdan sonra həyata keçirməyə başladıq. Bayaq da qeyd etdim ki, başqa variantlar da var idi. Ancaq özünü doğruldan bu taktika oldu. Bəlkə də bir az kənardan pis görsənəcək, bu ifadəni işlətmək istəməzdim, amma siz məni məcbur edirsiniz ki, deyim: Bu mənim məhsulumdur (gülür - T.Q.). Çox sevinirəm ki, belə bir taktika klublara, yığma komandaya faydalı olub".

Məşqçilər Komitəsinin sədri Azərbaycansayağı künc zərbəsindən ilk qolun Yaşar Vahabzadəyə məxsus olduğunu təsdiqləyib: "Həmin anı çox gözəl xatırlayıram. Zərbə vurmağı sağ ayağa düşəndə Yaşar Vahabzadəyə, sol ayağa düşəndə isə Yunis Hüseynova tapşırırdıq. Ona görə ki, hər ikisinin çox güclü zərbəsi var. İkisi də keyfiyyətli futbolçu olublar. Son nöqtəni bu səviyyədə olan oyunçular qoyurdular. Səhv etmirəmsə, ilk qol vurulduğu vaxt künc zərbəsindən ötürmə verən futbolçu Mirbağır İsayev idi. Topları buraxanlar Samir Ələkbərovla Bəxtiyar Musayev oldu, Vahabzadə isə son nöqtəni qoydu. Fərqli tərəfdən künc zərbəsi təyin olunurdusa, sonuncu zərbəni Yunis Hüseynov vururdu. Ondan sonra Rəşad Sadıqov, Ruslan Abışov, Ağabala Ramazanov və digər futbolçular belə qollar vurublar".


Yaşar Vahabzadə: "Birlik Kubokunda da bu taktika ilə qol vurmuşduq"


Azərbaycansayağı künc zərbəsindən vurulan ilk qolun müəllifi Yaşar Vahabzadə isə həmin anı yaxşı xatırladığını söyləyib: "Bu, bizim ev tapşırığımız idi: iki nəfər topu buaxmalı, mən də vurmalı idim. Həmin anda etdiklərimiz yaxşı alındı və mən də son zərbəni vurdum".

Vahabzadə deyib ki, heç vaxt Vaqif Sadıqova qədər Azərbaycan futbolunda bu cür ev tapşırığı edən olmayıb: "Vaqif müəllim "Neftçi"yə baş məşqçi təyin olunanda biz cərimə və künc zərbələrindən ev tapşırıqları yerinə yetirirdik. Bunları məşqlərdə sınaqdan keçirirdik. "Neftçi"nin heyətində Birlik Kubokunda da belə qol vurmuşam. Bu, sırf ilk dəfə Vaqif müəllim tərəfindən irəli sürülüb. Bundan öncə kiminsə SSRİ və ya Azərbaycan çempionatında belə bir şey etdiyini görməmişəm. Birinci dəfə Vaqif müəllim bizə məşqdə göstərdi, biz də etdik".

Mütəxəssisin sözlərinə görə Azərbaycansayağı künc zərbəsindən ölkə çempionatında bir çox komanda faydalanıb: "Dəqiq kimlərin bu taktika vasitəsilə fərqləndikləri yadımda deyil. Amma Birlik Kubokunda bunu gerçəkləşdirməyimizi yaxşı xatırlayıram. Komandanın adını unutmuşam, amma həmin qolla qələbə qazanmışdıq".

"Kəpəz" klubunun hazırkı baş məşqçisi deyib ki, "Neftçi"də müxtəlif oyunçularla bu taktikanı sınaqdan keçirib: "Bəzən elə olurdu ki, matçda kimlərsə olmurdu. Həmin dönəmdə Yunis Hüseynovla birlikdə çıxış edirdik. Bəzən o da zərbələri vururdu. Kimsə, zədəli olanda digər futbolçular da baş məşqçinin dediyini yerinə yetirə bilirdi".


Ən çox qolu kim vurub?

Bu taktika ilə ən çox qol vuran futbolçu Rəşad Sadıqovdur. UEFA kubokunun ilkin təsnifat mərhələsinin cavab matçında Avstriyanın "Rid" klubunu qəbul edən "Neftçi" bu ev tapşırığı sayəsində qol vurub. 2007-ci ildə keçirilmiş görüşün ilk hissəsində Rəşad Sadiqovun künc zərbəsi zamanı iki futbolçu topa toxunmayıb və Rəşad Sadıqov qüvvətli zərbə ilə qola imza ataraq avstiyalıları məyus edib.

2008-ci ildə UEFA İntertoto Kubokunda "Neftçi" Slovakiya təmsilçisi “Nitra" ilə qarşılaşıb. Bakıda keçirilmiş ilk oyunda "Neftçi" ev tapşırığını ustalıqla yerinə yetirib. Bu dəfə də son zərbəni Rəşad Sadıqov vurub.

Azərbaycansayağı künc zərbəsindən ən yaddaqalan qolun müəllifi də Rəşad Sadıqovdur. Çünki bu qol sayəsində milli komanda DÇ-2012-in seçmə mərhələsində Türkiyə yığmasına qalib gəlməyi bacarıb - 1:0. 2010-cu ilin 12 oktyabrında Bakıda keçirilmiş görüşün 26-cı dəqiqəsində Mahir Şükürovun küncdən ötürməsindən sonra Vüqar Nadirov və Rahid Əmirquliyev topu kapitana buraxıb. Sadıqov isə dəqiq zərbə ilə həm qapıçı Volkan Dəmirəli, həm də ümumilikdə bütün Türkiyəni şoka salıb.

"Zirə"nin hazırkı baş məşqçisi "Qarabağ"ın kapitanı olduğu vaxt da Avropa Liqasında Azərbaycansayağı künc zərbəsini qolla tamamlayanlayıb. O, 25 avqust 2016-cı ildə Bakıda İsveçin “Göteborq” klubunun qapısına yol tapıb.

0 comments