Azarkeşlər “Legiya”ya hücum etdiklərini təsdiqlədilər

Azərbaycan millisinin futbolçusu Mahir Emrelinin çıxış etdiyi Polşa "Legiya"sı Plotsk "Visla"sına 0:1 hesabı ilə uduzduqları Ekstraklasanın XVIII tur oyunundan sonra azarkeşlərin klubun avtobusuna hücum çəkməsi ilə bağlı bəyanat yayıb.

90plus.az klubun rəsmi saytına istinadən xəbər verir ki, Varşava təmsilçisi hadisənin baş verdiyini təsdiqləyib. Bəyanatda aqressiv fanatların hərəkətləri pislənilib, bu cür halların yolverilməz olduğu vurğulanıb.

Bildirilib ki, insident oyunçuları daşıyan nəqliyyat vasitəsi klubun bazasına qayıdarkən olub: "Təhlükəsizlik tədbirlərinə baxmayaraq, avtobus müvəqqəti saxlanılıb, daha sonra bir qrup azarkeş içəri daxil olaraq futbolçulara qarşı aqressivlik nümayiş etdirib. Polisin müdaxiləsi nəticəsində qrup dərhal dağıdılıb. Polis hadisənin təfərrüatlarını aydınlaşdırır. Klub məsələyə ciddi yanaşır və onu tam şəkildə araşdırmağa çalışır. Hadisənin səbəblərini aydınlaşdırmaq və lazımi əlavə tədbirlər görmək üçün polislə birgə işləyirik".


Klub bundan sonra komanda ilə bağlı təhlükəsizlik tədbirlərinin daha da gücləndiriləcəyini açıqlayıb: "Hazırda futbolçularla danışıqlar aparırıq, bundan sonra gələcək rəsmi addımlar barədə birgə qərar verəcəyik. Prioritetimiz məsələnin mahiyyətinə tam aydınlıq gətirmək, həmçinin klubun bütün oyunçuları və əməkdaşlarının təhlükəsizliyini təmin etməkdir".


Qeyd edək ki, azarkeşlərin hücumu nəticəsində "Legiya"nın iki legioneri xəsarət alıb. Onlardan birinin Azərbaycan millisinin hücumçusu Mahir Emreli, digərinin isə Lukinyas olduğu bildirilib. Emrelinin başından xəsarət aldığı iddia edilir.

0 comments

Recent Posts

See All