top of page

Azər Bağırov: “Oyun barədə çox danışmaq istəmirəm, əsəbiyəm”


“Araz-Naxçıvan”ın baş məşqçisi Azər Bağırov Misli Premyer Liqasının 28-ci turunda “Sumqayıt”a 0:1 hesabı ilə uduzduqları oyunu şərh edib.


90plus.az xəbər verir ki, Bağırov əsəbi olduğunu etiraf edib:


“Sumqayıt”ın yaxşı yeni tikilmiş stadionu var, xeyirli olsun. İnşallah bu il, gələn il avrokuboklarda iştirak edərlər. Oyun barədə çox danışmaq istəmirəm, əsəbiyəm. Sağ olsunlar hakimlər.


Mütəxəssis hakimlərdən narazılığını açıq şəkildə ifadə edib: “Artıq hakimlərdən danışmaqdan yorulmuşam, amma onlar yorulmayıblar. Dəlləkliyi bizim üzərimizdə öyrənirlər. Penalti epizodu olsun, ya Miçonun ağzının qanadığı epizod. Məncə, bunları görmürsənsə, ya hakimlik etməsinlər, ya əvvəldən desinlər, biz də işimizi bilək. Bunları görmürsənsə, hakimlik etmə. Amma məcbursan bunu görməyə. Sonra da deyirlər Azər danışır. Necə danışmayım... Cavanlarla oynayırıq, az-çox nəsə etmək istəyirik. Danışanda da deyirlər ki, günahını hakimlərin üzərinə atır. Əsla belə deyil. Ötən tur “Qəbələ” ilə oyunda Elçin Məsiyev qırmızı vərəqə verdi, 40 dəqiqə azlıqda oynadıq. Təşəkkür edirəm, çox sağ olsun. Haqqımız idi, aldıq. Məğlub olsaydıq belə, hakimlikdən danışmayacaqdım. Çünki səhv futbolçunun idi, mənim idi. Futbolçum günahkardısa, səhv mənimdir. Barış Şimşək gəlib futbol öyrədir, hərdən də futboldan danışır... Sağ olsunlar”. 


Naxçıvan klubunun çalışdırıcısı meydandakı səhvlərin komandasına qarşı olduğunu vurğulayıb: “Penalti epizoduna 10 dəfə də baxaq, mən orda kobudluq görmürəm. Hətta özümdən şübhlənirəm ki, bəlkə mən futbol oynamamışam. Qapıçı ayağını çəkir ki, toxunuş olmasın. Mən demirəm ki, hakimlik zəifdir, ya zəif deyil. Mən deyirəm ki, meydançadakı səhvlər komandama qarşıdır”. 



0 comments
bottom of page