"Bütün diqqətimiz "Sumqayıt"la oyunlara yönəlib"

“Püşkatma zamanı Azərbaycan təmsilçisi barədə demək olar ki, heç bir məlumatımız yox idi. Amma “Çukariçki”nin mütəxəssisləri geridə qalan müddət ərzində bu komanda yetərincə informasiya toplaya bilib". 90plus.az xəbər verir ki, bu sözləri "Sumqayıt"ın Konfrans Liqasının 2-ci təsnifat mərhələsindəki rəqibi “Çukariçki”nin (Serbiya) futbolçusu Srcan Miyailoviç Azərbaycan təmsilçisinə qarşı keçirəcəkləri oyunlar barədə danışarkən deyib. 27 yaşlı yarımmüdafiəçi klubun rəsmi saytına verdiyi müsahibədə söyləyib: "Avrokuboklarda asan rəqib yoxdur. “Sumqayıt”ın da üstün və zəif cəhətləri var. İlk oyun çox şeyə aydınlıq gətirə bilər. Ümid edirəm ki, bu oyunda biz tribunalardan da böyük dəstək alacağıq. Eşitdiyimə görə, oyuna giriş pulsuz olacaq. Əminəm ki, azarkeşlərimiz bizə əlavə impuls verə və komandamızı qələbəyə daşıya biləcəklər”. “Çukariçki” "Sumqayıt"ı adlayacağı təqdirdə 3-cü təsnifat mərhələsində “Hammarbü” (İsveç) – “Maribor” (Sloveniya) cütünün qalibi ilə üz-üzə gələcək. Miyailoviç isə hələlik bu barədə düşünmədiklərini və "Sumqayıt"la oyunlara kökləndiklərini bildirib: “Biz bu barədə qətiyyən düşünmürük. Hazırda bütün diqqətimiz “Sumqayıt”la oyunlara yönəlib. Hələ üçüncü təsnifat mərhələsinə çox var. Qarşıda “Sumqayıt”la oyun, daha sonra çempionat görüşü var. Addım-addım irəliləməliyik. Kifayət qədər yaxşı olsaq, üçüncü təsnifat mərhələsindən də danışmağa vaxtımız olacaq”. Qeyd edək ki, iyulun 21-də keçiriləcək "Çukarçiki" - "Sumqayıt" görüşü Bakı vaxtı ilə saat 22:00-da başlayacaq. Cavab matçı isə iyulun 29-u Sumqayıtda olacaq.

0 comments

Recent Posts

See All