
“Oyun barəsində çox danışmayacağam. Özümə söz vermişdim ki, hakimlik barədə heç vaxt danışmayım. Amma vaxtı çatıb. Düşünürəm ki, Vüqar Həsənli layiqli qələbə qazandı. Onu təbrik edirəm. Əlindən gələnin ən yaxşısını etməyə çalışdı”.
90plus.az xəbər verir ki, bu sözləri “Qəbələ”nin baş məşqçisi Elmar Baxşıyev Misli Premyer Liqasının 20-ci turunda “Sabah”a 0:3 hesabı ilə uduzduqları matçdan sonra mətbuat konfransında deyib.
E.Baxşıyev komandasının ikinci hissədəki zəif çıxışının səbəbini belə izah edib: “Futbol emosiya oyunudur. Futbolçular da hakimlərin elədiklərini hiss edirlər. Ruanı sakitləşdirmək çətin idi. Çünki həmin epizodu ona başa sala bilmirdik. Amma yenə də futbolçularıma tövsiyə edirəm ki, hakimlərin qərarlarına çox da fikir verməsinlər. Toparlanmalı və gələcək oyunlara baxmalıyıq”.
“Qəbələ”nin baş məşqçisi “Aqressivliyinə görə Ruan Renatonu cəzalandıracaqsınızmı” sualını belə cavablandırıb: “Ruana haqsız yerə sarı vərəqə verilibsə, biz onu necə cəzalandıra bilərik? Hakim bizə qarşı səhv edir, lakin növbəti tur yenə oyuna təyinat alırsa, biz niyə futbolçumuzu cəzalandırmalıyıq? Yenə deyirəm, özümə söz vermişdim ki, hakimlik barədə danışmayacam. Amma baş verənlər komandaya pis təsir edir, mənfi mənada qıcıq verir”.
Baxşıyev futbolçularının aqressiv olması ilə bağlı deyib: “Komandadan aqressiv olmağı mən tələb edirəm. Futbolçu aqressiv, istəkli olmalıdır. Aqressiyanı nəinki oyunda, məşqdə də hiss etdirməlidir”.
Mütəxəssis buraxılan qollarda müdafiəçilərin səhvlərinin olması fikri ilə razılaşıb: “Həmin nöqsanları biz də görürük, hiss edirik. Məşqlərdə bunun üzərində dayanırıq. Qış fasiləsindən sonra 2 oyunda 5 qol buraxmağımız barədə danışsaq, bu, uzun mövzudur. Ötən oyunda rəqib qapımız qarşısında çox qol epizodu yaratmasa da, ilk hissədən sonra artıq 2 top buraxmışdıq. Futbolçularıma da dəfələrlə deyirəm ki, daha da mübariz, əmzkar olmalıyıq ki, qarşıdakı maneələr bizə əngəl törətməsin”.
O, qarşıdakı günlərdə 1 futbolçu ilə güclənəcəklərini bildirib: “Yaxın günlərdə 1 yeni oyunçu ilə heyətimizi gücləndirəcəyik. Hücumameyilli futbolçudur. Hələ ki müqavilə imzalanmadığından ad çəkmək istəmirəm. Xeyr, bu, “Neftçi”nin formasını geyən Pato deyil, azərbaycanlı futbolçudur”.