Baş məşqçi millimizin problemləri haqqında danışdı



90plus.az xəbər verir ki, futzal üzrə Azərbaycan millisinin baş məşqçisi Jose Alesio Da Silva federasiyanın rəsmi saytına açıqlamasında hazırlıq prosesi və problemlər barədə danışıb:


“Komanda planlaşdırdığımız kimi, aprelin 1-dən toplanışdadır. Buna qədər isə gündəlik məşqlərimzi edirdik.


İspaniya çempionatında oyunlar keçirilir. Qalo düşərgəmizə aprelin 5-də gələcək və Bakıda cəmi bir məşqdə iştirak edəcək. Eduardo və Bolinha daha tez komandaya qoşulacaq”.


Jose Alesio zədə səbəbindən bəzi oyunçulara dəvət göndərə bilmədiyini də qeyd edib: “Rafael Vilela və Vassura bu dəfə bizə kömək edə bilməyəcək. Həkimi zədə səbəbindən Vilelanın azı 2 həftə məşqlərdən kənarda qalacağını bildirib. Ona görə də heyətdə müəyyən dəyişiklik edəcəyik. Qalan hər kəs oyuna hazırdır”.


53 yaşlı baş məşqçi zədəli oyunçulara rəğmən, Slovakiyaya qarşı Avropa çempionatının seçmə oyunundan qələbə ilə dönmək istədiklərini, bunun üçün də kifayət qədər səbəblər olduğunu vurğulayıb:


“Bəli, Avropa çempionatının final mərhələsinə vəsiqəni təmin etmişik. Ancaq bu, qalan 2 oyuna rahat çıxmağımıza əsas vermir. Əvvəla, biz liderliyi təmin etməliyik. Bunun üçün də Slovakiya ilə dueldən xal və ya xallarla ayrılmalıyıq. Əlbəttə, hər iki oyundan qalib ayrılsaq, daha yaxşı olar. Çünki qazanılacaq uğurlu nəticə reytinq xallarımızı artıracaq. Hazırda Xorvatiya ilə aramızdakı fərq elə də böyük deyil. Qarşıda iki oyunumuz var, onların da bu qədər matçı qalıb. Hər iki görüşdən itkisiz ayrılmalıyıq ki, reytinq xalımız artsın, gələcək püşkatmalarda xeyrimizə işləsin”.


Qeyd edək ki, aprelin 8-də Slovakiyanın qonağı olacaq millimiz aprelin 14-də Yunanıstanı qəbul edəcək.

0 comments