"Barselona"nın ümidi "Viktoriya"ya qalıb

Bu gün Çempionlar Liqasının qrup mərhələsində 5-ci tura yekun vurulacaq.


90plus.az xəbər verir ki, 1/8 final mərhələsinin daha 4 iştirakçısının adına aydınlıq gələ bilər.


Bugün maraqlı gözlənilən matçlardan biri də C qrupunda olacaq. Dünya futbolunun nəhənglərindən olan "Barselona"nın ÇL-də pley-off şansının qalacağı, yoxsa tamamilə bitəcəyi məhz bugünkü oyunlardan sonra bilinəcək. Daha doğrusu, Bakı vaxtı ilə saat 20:45-də başlanacaq "İnter" (İtaliya) - "Viktoriya" (Çexiya) matçının nəticəsi Kataloniya təmsilçisinin bu mövsüm Avropa kuboklarındakı yolunu müəyyənləşdirəcək.


C qrupuna hazırda 12 xalla "Bavariya" (Almaniya) başçılıq edir. "İnter" 7 xalla 2-ci, "Barselona" 4 xalla 3-cü, "Viktoriya" isə 0 xalla 4-cü yeri tutur. Autseyder "Viktoriya"nın səfərdə "İnter"dən xal alacağı ehtimalı çox azdır. Bununla belə, əgər çexlər "Cüzeppe Meatsa"da heç-heçə edər və ya qələbə qazanarsa, bu halda "Barselona"nın ÇL-də 1/8 finala çıxmaq şansı az da olsa qalacaq. Bunun üçün "Barselona" bu gün öz meydanında lider "Bavariya"ya qalib gəlməlidir.


"İnter" uduzub, "Barselona" isə qələbə qazanarsa, bu halda hər iki klubun xalları bərabərləşəcək. Amma şəxsi oyunlarda üstünlük italyanların tərəfində olduğundan kataloniyalılar ümidini son tura bağlayacaqlar. Son turda onlar səfərdə "Viktoriya", "Bavariya" isə evdə "İnter"lə qarşılaşacaq. Yəni qrupun son iki görüşündə "İnter" 4 xal itirməli, "Barselona" isə mütləq 6 xal qazanmalıdır.


Əgər "İnter" hər iki oyunda uduzarsa, bu halda "Barselona" qarşıdakı iki görüşdə 4 xal götürməlidir.


Yox, əgər bu gün "Viktoriya" "İnter"ə uduzarsa, bu halda italyanlar ən azı qrup ikinciliyini təmin etmiş olacaqlar. "Barselona" isə ÇL-də 1/8 final oynamaq üçün bütün şanslarını itirəcək və qrup mərhələsindən sonra mübarizəni Avropa Liqasının 1/16 finalından davam etdirəcək.



0 comments